“Xəzər dənizinin səviyyəsi hələ tarixi minimumuna çatmayıb, bu göstəriciyə 80 santimetrdən bir az artıq qalıb. Amma mütəxəssisləri narahat edən başqa amillər də var: apreldə digər illərlə müqayisədə rekord azalma olub, son 10 ildə Xəzərdə suyun səviyyəsi 113 santimetr aşağı düşüb”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Həmid Həmidovun “Danışaq?” podkastının növbəti buraxılışında deyib.
O, Azərbaycanda su ehtiyatlarının azalmasının səbəbləri barədə geniş şəkildə bəhs edərək ölkədə yağıntıların azalması, su istehlakının artması fonunda quraqlıq dövrlərinin uzanmasından danışıb: “Amma bu proseslər təkcə Azərbaycanda müşahidə olunmayıb. Məsələn, Fransa, İtaliya və digər ölkələrdə keçən ilin yayında çaylarda dayazlaşma müşahidə olunub. Bu proses hər yerdə mövcuddur”.
Nazir müavini bildirib ki, su kimi qiymətli sərvətdən ehtiyatsız şəkildə istifadə ölkəmizdəki bununla bağlı vəziyyəti su ehtiyatlarının çox olduğu bəzi dövlətlərlə müqayisədə daha da çətinləşdirir.
U.Tağıyeva iqlim dəyişikliyi, ekoloji fəlakət ehtimalı, o cümlədən Azərbaycanda meşələrin vəziyyəti barədə də bəhs edib.
O, Qarabağda işğal dövründə təbii sərvətlərə çox böyük ziyan dəydiyini vurğulayıb.