Bakı.14 iyul. REPORT.AZ/
"Report" xəbər verir ki, əməkdaşlıq çərçivəsində ilkin olaraq Agentlik işçilərinin təhsil mərkəzində biliklərinin artırılması, "Code Academy" tələbələrinin isə Agentlikdə təcrübə keçərək biliklərini möhkəmləndirmələri nəzərdə tutulur.
Bugünkü imzalanma mərasimində çıxış edən "Code Academy"nin rəhbəri Ülvi Aslanov təhsil mərkəzi haqqında məlumat verərək, məqsədlərinin rəqəmsal texnologiyalar sahəsində qlobal bazarda da rəqabət apara biləcək kadrlar hazırlamaq olduğunu bildirib.
Bu əməkdaşlığın "Code Academy" üçün çox önəmli olduğunu qeyd edən Ü.Aslanov bildirib ki, "Digital Marketing Institute" (DMI) ilə rəsmi tərəfdaşlıq əsasında qlobal standartlara uyğun rəqəmsal marketinq dərsləri tədris edilir: "Tələbələrimizin aldığı təhsili tətbiq etmək üçün də ən uyğun yerlərdən biri əlbəttə ki, qlobal reklam agentliyidir".
Azərbaycanda fəaliyyət göstərən ən qabaqcıl agentliklərdən olan "Havas Media Azərbaycan"ın rəqəmsal marketinqə xüsusi diqqət ayırmasının digər agentliklər üçün örnək olacağını vurğulayan "Code Academy"nin rəhbəri bu əməkdaşlığın bütövlükdə sektorun inkişafına töhfə verəcəyinə inandığını deyib.
Mərasimdə çıxış edən "Havas Media Azərbaycan" agentliyinin icraçı direktoru Zaur İsmayılov rəhbərlik etdiyi şirkətin ötən illər ərzində reklam bazarında əldə etdiyi uğurlardan, həyata keçirdiyi layihələrdən danışıb.
Onun sözlərinə görə, "Havas Media Azərbaycan" 2009-cu ildən bu yana həm kreativ agentlik, həm də media satınalma şirkəti olaraq yerli reklam bazarının aparıcı oyunçularından biri kimi fəaliyyət göstərir. Bundan sonra həm də rəqəmsal marketinq üzrə ciddi layihələr həyata keçirməyi hədəflədiklərini deyən Z.İsmayılov bu istiqamətdə "Code Academy" ilə əməkdaşlığa başlamaqdan məmnun olduqlarını qeyd edib.
"Artıq ənənəvi reklam və media kanalları ilə qarşıya qoyulan məqsədə tam olaraq çatmaq qeyri-mümkündür. Əvəzində rəqəmsal marketinqin, sosial media kanallarının rolu get-gedə artmaqdadır. Biz də "Havas Media Azərbaycan" olaraq müştərilərimizə hər zaman innovativ və faydalı həll yolları təklif etdiyimizdən bu sahə üzrə qlobal trendləri yerli bazarda daha effektiv şəkildə tətbiq etməyi hədəfləmişik. Bu işdə biz "Havas" beynəlxalq şəbəkəsinin sosial media və proqramlaşdırma üzrə ixtisaslaşmış agentliklərinin təcrübələri və sırf rəqəmsal media üzrə nəzərdə tutulan vasitələrdən faydalanırıq. Bu imkanımıza dəstək olaraq yerli məkanda rəqəmsal marketinq və proqramlaşdırma üzrə peşəkar mütəxəssislərin hazırlanmasında önəmli işlər görən "Code Academy" ilə iş birliyimiz Azərbaycanda rəqəmsal marketinqin dünya trendləri ilə ayaqlaşmasına hesablanıb", - deyə Z. İsmayılov əlavə edib.
Qeyd edək ki, 2015-ci ildə fəaliyyətə başlayan "Code Academy" texnologiya sahəsində kadrlar hazırlayan tədris müəssisəsidir. Burada proqramlaşdırma, sistem administratorluğu, dizayn, rəqəmsal marketinq kimi istiqamətlər üzrə fərdi və korporativ tədris proqramları həyata keçirilir. "Code Academy" 2017-ci ildən etibarən mərkəzi İrlandiyada olan "Digital Marketing İnstitute"un Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.
2009-cu ildən fəaliyyət göstərən "Havas Media Azərbaycan" şirkəti qlobal "Havas" reklam agentlikləri şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsidir.