Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşəbbüsü ilə “Bir mətbuat konfransının tarixi” adlı sənədli filminin təqdimatı keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti yanına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, media rəhbərləri və digər qonaqlar iştirak edib.
Ə.Amaşov 1990-cu ildə baş verən hadisələrdən danışaraq xatırladıb ki, həmin il yanvarın 20-də sovet qoşunları heç bir xəbərdalıq etmədən Bakıya daxil oldular və Bakının küçələrində görünməmiş faciə törətdilər: “Bu, misli görünməmiş bir ədalətsizlik idi. Sadə insanların üzərinə güclü silahlanmış ordu göndərilmişdi və məqsəd Azərbaycan xalqının milli azadlıq hərəkatını, müstəqillik istəyini beşikdəcə boğmaq idi. O zaman Azərbaycan televiziyasının enerji bloku partladılmışdı, televiziya işləmirdi, Azərbaycan xalqı təklənmişdi. Kömək üçün ilk səs Moskvadan gəldi. Yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mətbuat konfransı keçirərək bu hadisələrə ilk siyasi qiymət verdi. Bu hadisələrin günahkarlarının cəzalandırılmasını tələb etdi. O zaman hələ Sovet İttifaqı dağılmamışdı. Heydər Əliyev böyük cəsarət nümayiş etdirdikdən sonra dünya mediasında 20 Yanvar faciəsi haqqında məlumatlar getməyə başladı və Azərbaycan xalqının haqq səsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı bildirb ki, filmdə hadisələr çox canlı əks olunub: ""Bir mətbuat konfransının tarixi" sənədli filminin müxtəlif dillərə tərcümə olunmasını və televiziyada göstərməsi istərdim".
Qeyd edək ki, "Bir mətbuat konfransının tarixi" sənədli filmində Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer alıb.
"Bir mətbuat konfransının tarixi" sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işini "Qulp studio" hazırlayıb.