Dəyişən dünya, sürətlə inkişaf edən texnologiya, internetdən istifadənin artması və internetə çıxışın asanlığı ilə rəqəmsal mediada ünsiyyət üsulları da dəyişir. Sosial şəbəkələr və internet jurnalistikası ilə məlumatları anında əldə etmək, paylaşmaq indi daha operativ və sürətlidir. Texnologiyanın inkişafı ilə son zamanlar ən çox gözəçarpan sahələrdən biri də rəqəmsal jurnalistika, bir sözlə, rəqəmsal mediadır.
Böyük kütlələrlə təmasda olaraq, insanlarla birlikdə fikir mübadiləsi aparmaqla tamaşaçı üçün daha cəlbedici olan kontentlərin hazırlanması rəqəmsal medianın əsasını təşkil edir.
Ötən həftə 49 ölkədən 250 nəfərə yaxın nümayəndənin iştirakı ilə keçirilən Şuşa Qlobal Media Forumunda da əsas müzakirə mövzularından biri məhz rəqəmsal media ilə əlaqədar olub. “Medianın gələcəyi: Rəqəmsal kommunikasiyada yeni alətlər və medianın rolu”, “Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar”, “Rəqəmsal transformasiya diqqət mərkəzində” adlı panellərlə dünya mediasının nəbzi, belə demək mümkünsə, Şuşada döyünüb.
“Report” “Baku TV”nin direktoru Ramin Cəfərovla rəqəmsal media, onun gələcəyi, ənənəvi media ilə rəqəmsal medianın fərqləri və Azərbaycan tamaşaçısının rəqəmsal mediaya göstərdiyi maraqla bağlı söhbətləşib. Onun müsahibəsini təqdim edirik.
- Ramin bəy, rəqəmsal media dedikdə nə başa düşülür?
- Rəqəmsal media, ilk növbədə, tamaşaçı ilə ünsiyyət və həmçinin, təmas yaratmaq üçün üsul deməkdir. Bundan öncə nə mətbuat, nə də ənənəvi televiziyalar heç vaxt insanlarla yaxın təmasda olmayıb. Lakin hazırda hər şey fərqlidir, çünki dünya dəyişir. Rəqəmsal, həmçinin, sosial medianın əsas mahiyyəti insanları bir-birinə yaxınlaşdırmaqdır. Bu mənada, əsas məsələlərdən biri də ənənəvi, eyni zamanda, rəqəmsal medianın sosial şəbəkələrdə öz fəaliyyətini düzgün qura bilməsidir. Yeni çağırışlar fonunda tamaşaçı ilə təmasın qurulmasında sosial mediadan yaxşı mənada istifadənin vacibliyi artıq günümüzün reallığına çevrilib.
- Bəs rəqəmsal media ilə ənənəvi medianın və sosial medianın başqa hansı fərqləri var?
- Əsas fərqlərdən biri də üslubdur. Rəqəmsal media ilə ənənəvi medianın üslubu fərqlənir. Məsələn, ənənəvi mediada 10 il eyni üslubdan istifadə oluna bilər, hansı ki, bunu çox adam hiss etməyə bilər. Lakin rəqəmsal mediada vəziyyət bir qədər fərqlidir. Belə ki, rəqəmsal mediada üslub çox sürətlə dəyişir.
- Sizcə, 21-ci əsrdə rəqəmsal savadlılıq nə qədər vacibdir?
- Çox önəmlidir. Biz rəqəmsal platformalardan, ilk növbədə, qanun çərçivəsində istifadə etməyi öyrənməliyik. Hər bir rəqəmsal platformanın öz yayım siyasəti var və biz orada kontent yaratmazdan öncə həmin siyasətlə tanış olmalıyıq. Sözügedən yayım siyasətinə zidd addımlar atılması isə yayımın məhdudlaşdırılması ilə nəticələnə bilər. Rəqəmsal medianın da, təbii ki, öz şərtləri var və biz hansısa kontenti bəhs olunan platformalarda düzgün şəkildə yerləşdirmək üçün həmin şərtlərdən xəbərdar olmalıyıq. Sözügedən normativlərlə tanış olanda görürük ki, onların hər biri insan üçündür. Həmin şərtlər heç bir şəxsin hüquqlarını pozmadan, şəxsiyyətinə toxunmadan öz fəaliyyətini qura bilmək üçün baza rolunu oynayır.
- Bu işi görərkən hansı çətinliklərlə üzləşirsiniz?
- Biz audiovizual şəkildə xüsusilə xəbər kontenti ilə çalışırıq. Bu zaman isə ən böyük çətinlik saxta xəbərlər, saxta görüntü və saxta audioları ayırd etməklə bağlıdır. Rəqəmsal dünya bizim həyatımıza daxil olmazdan qabaq ənənəvi televiziyalar məlumatları daha çox qəzetlərdən əldə edib. İndi isə vəziyyət fərqlidir. Ənənəvi media xəbərləri daha çox internetdən götürür. Bizim kimi rəqəmsal mediaya köklənən şirkətlər hər gün yanlış informasiya selinə məruz qalaraq böyük çətinliklərlə üz-üzə gəlir. Rəqəmsal media həmin məlumatları operativ olaraq süzgəcdən keçirməlidir ki, ənənəvi media həmin xəbərləri götürəndə onlara düzgün məlumatlar verək. Belə olan halda biz “Baku TV” olaraq rəqəmsal dünyada filtr rolunu oynayırıq. Bu isə çox çətin və şərəfli bir işdir.
- Necə düşünürsünüz, internet televiziyalar ənənəvini əvəz edəcəkmi?
- Bu, ilk növbədə, zövq məsələsidir. Tamaşaçının zövqündən çox şey asılıdır. Hazırda apardığımız müşahidələrə görə, hətta yaşlı insanlar belə sosial şəbəkələrdən istifadə edirlər. Hesab edirəm ki, onları rəqəmsal dünyaya gətirən də məhz yuxarıda bəhs etdiyimiz təmas məsələsidir. Belə ki, bu gün sosial şəbəkələr vasitəsilə hansısa rəqəmsal televiziya yayımının altında şərh verə bilirik və hətta ona geri dönüş də ala bilirik. Həmin yaxınlıq, əlçatanlıq insanlar üçün daha cəlbedici görünür. İndiyə qədər ənənəvi televiziyalarla tamaşaçı arasında olan baryeri rəqəmsal media aradan götürüb.
- Son zamanlar daha çox internet televiziyalarından, rəqəmsal medianın yaratdığı kontentlərin baxış sayından danışırıq. Bəs rəqəmsal media sadəcə baxış sayından ibarətdirmi?
- Xeyr! Düzdür, internetdə kontent yaradan hansısa şirkət, yaxud şəxslər üçün baxış sayı önəmlidir. Bunun da əsas səbəblərindən biri kommersiya məsələləridir. İstənilən PR mütəxəssisi reklamları baxış sayı çox olan şirkətlərin platformalarında yayımlamaq istəyir. Lakin videokontentlə çalışan elə qurumlar var ki, onlar sensasiya axtarışındadır. Bəzən etik normalara uyğun olmayan sensasiyalı, yaxud aldadıcı, şişirdilmiş xəbər başlıqları ilə baxış sayı qazanmağa çalışırlar. Yəni bu məsələyə fərqli baxış prizmaları var və hər bir qurum öz siyasəti ilə özünə lazım olan şəkildə baxış sayını tənzimləyir. Məsələn, hansısa qətl hadisəsindən video yayımlaya və yarım milyon baxış yığa bilərik, lakin bizim tamaşaçımız bundan məyus olacaq. Həmin kadrları göstərməmək və yüksək baxış sayını yığmamaq kimi də seçimimiz var. Bir sözlə, bu məsələ individualdır və hər qurumun öz daxili siyasətindən asılıdır.
- Bu işin bir də tamaşaçı tərəfi var. Yaradılan kontentlərə onların reaksiyaları necədir?
- Uğurumuzun bəlkə də 70 faizi tamaşaçı ilə olan ünsiyyətimizdən qaynaqlanır. “Baku TV”nin çox intellektual və ağıllı tamaşaçısı var, onlar daha çox 25-55 yaş arasında olan şəxslərdir. Yazdıqları şərhlər vasitəsilə hərdən çox faydalı və ağıllı məsləhətlər verirlər. Statistikaya görə “Baku TV”-yə ay ərzində 400-500 min şərh yazılır. Təbii ki, bu şərhlərin hər birini oxumaq mümkün olmasa da, bir çoxunu oxuyuruq və maraqlı təklifləri müzakirə edir, uyğun görülərsə, həmin təklifləri reallaşdırırıq. Çünki bunlar bizim tamaşaçının zövqüdür və biz hər bir kontenti tamaşaçımızın zövqünə uyğun hazırlamağa çalışırıq.
- Azərbaycanda internet jurnalistikasının hazırkı vəziyyətini necə görürsünüz?
- Bu, birbaşa tədrislə bağlı məsələdir və təəssüf ki, bəhs etdiyimiz sahənin Azərbaycanda tədrisi yoxdur. Ona görə hesab edirəm ki, hazırda ölkədə internet jurnalistikası yox, hibrid jurnalistika var. Bu isə məhz tam olaraq internet jurnalistikası deyil. Rəqəmsal jurnalistikadan bəhs etmək üçün onun tədris mərkəzləri fəaliyyət göstərməli və insanların diplomlarında sırf rəqəmsal jurnalistikanın möhürü olmalıdır.
- “Baku TV”nin “Rəqəmsal Media Məktəbi”nə maraq necədir? Bu sahədə peşəkarlaşacağına ümidli olduğunuz gənclər var?
- Biz “Rəqəmsal Media Məktəbi”ni yaradanda gənclərimizlə birbaşa təmaslar qurmaqla onların nəyə qadir olduqlarını və bu sahəyə maraqlarının nə dərəcədə olub-olmadığını görəcəyimizi bilirdik. İlk seçim mərhələsində “Rəqəmsal Media Məktəbi”nə 100 nəfərə yaxın gəncin anketi daxil oldu. Halbuki bizim hər bir kursumuzda 10 nəfərlik yerimiz mövcuddur. Biz həmin gəncləri çağırdıq və onları sınamaq üçün müəyyən tapşırıqlar verdik. Orada fəal olan gənclər onsuz da seçilirdilər və biz onları dərhal görürdük. Yeri gəlmişkən, qeyd edim ki, “Rəqəmsal Media Məktəbi”ndə iştirak edən tələbələrdən daha istedadlı olanların “Baku TV”-də işlə təmin olunmaq imkanı var. Belə ki, ümumilikdə 3 ayrı buraxılış qrupundan olan 10 nəfər burada çalışır.
- Sonda bir qədər “Baku TV”nin fəaliyyətindən danışmağınızı istərdik. “Baku TV” rəqəmsal televiziyalardan öz keyfiyyəti və baxımlılığı ilə seçilməyi bacarıb. Bundan sonra “Baku TV” izləyicilərini hansı yeniliklər gözləyir?
- “Baku TV”nin artıq bir ilə yaxındır ki, rusdilli redaksiyası fəaliyyət göstərir. Qısa zamanda çox böyük nailiyyətlər əldə etmişik. Hazırkı informasiya müharibəsində də rusdilli kontent bir çox mənada yardımçı olub. Gələcəkdə isə “Baku TV” həm ingilis, həm də erməni dilində fəaliyyətə başlaya bilər. Bu günə kimi daim tamaşaçılarımızı düzgün, etibarlı xəbərlərlə təmin etməyə çalışmışıq və bundan sonra da bu məsələ bizim üçün əsas prioritetlərdən olacaq. “Baku TV”nin tamaşaçısı artıq 1 milyona yaxınlaşır, hansı ki, onlar hər biri unikal tamaşaçıdır. Bu, yazılan şərhlərdən də hiss olunur. Onların çox gözəl yumor hissi var. Məqsədimiz isə gələcəkdə də yenilikləri izləmək və onlara vaxtında inteqrasiya edərək izləyici kütləmizi daha da artırmaqdır.