Azərbaycan-Özbəkistan Media Forumunda dezinformasiyaya qarşı birgə mübarizə imkanları müzakirə olunub

Azərbaycan-Özbəkistan Media Forumunda dezinformasiyaya qarşı birgə mübarizə imkanları müzakirə olunub Bu yaxınlarda yaradılmış Azərbaycan-Özbəkistan Ekspert Şurası dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan ciddi intellektual platformaya olacaq.
Media
24 Sentyabr , 2024 13:47
Azərbaycan-Özbəkistan Media Forumunda dezinformasiyaya qarşı birgə mübarizə imkanları müzakirə olunub

Azərbaycan-Özbəkistan Ekspert Şurası dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan ciddi intellektual platforma olacaq.

"Report"un Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistanın Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Təhlil Mərkəzinin direktoru Sanjar Vəliyev Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri televiziya kanallarının, digər nəşrlərin tez-tez qonağı olur, müxtəlif hadisələri şərh edirlər: “Sevindirici haldır ki, bir-birimizin səylərini obyektiv şəkildə görür və müsbət yanaşma ilə qiymətləndiririk. Bu, sadəcə qarşılıqlı reverans deyil, informasiya mənzərəsinin həqiqətən qərəzsiz dərk edilməsidir”.

S.Vəliyev qeyd edib ki, Azərbaycan və Özbəkistanın müxtəlif qurumları arasında müttəfiqlik münasibətlərinin ruhuna uyğun olaraq sıx və etibarlı işgüzar əlaqələr qurulur.

Daha sonra paneldə çıxış edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov vurğulayıb ki, dezinformasiya geosiyasi təsir vasitəsdir.

Nümunə kimi o, Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti göstərərək, dünya KİV-inin real faktları necə təhrif etdiyini, Azərbaycanı “təcavüzkar” kimi təqdim etdiyini diqqətə çatdırıb.

“90-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağı və ətraf əraziləri işğal edəndə Azərbaycan ağır humanitar fəlakətlə üzləşdi. Torpaqlarının təqribən 20%-i işğal altına düşdü. Bir milyondan çox insan - ac-yalavac, ev-eşiyindən və bütün hüquqlardan məhrum olundu, çadırlarda və vaqonlarda yaşamağa məcbur oldu. Bütün bu faktlara baxmayaraq, ABŞ və Avropanın nüfuzlu KİV-ləri hadisələri başqa cür təqdim edərək, Azərbaycanı təcavüzdə ittiham ediblər. Nəticədə ABŞ məhz Azərbaycana qarşı yönəlmiş “907 saylı düzəliş”i qəbul edib. Bu, dezinformasiyanın real hadisələrin dərk edilməsini necə dəyişdirə biləcəyinin klassik nümunəsi oldu. Əslində isə məhz Azərbaycan 30 il ərzində öz torpaqlarının necə talan və dağıntılara məruz qaldığını, tarixi və mədəniyyət abidələrinin məhv edildiyini müşahidə edib”, - R.Məmmədov bildirib.

O vurğulayıb ki, dezinformasiyanın sürətlə yayılmasına baxmayaraq, buna qarşı mübarizə yolları var: “Ən təsirli üsullardan biri də xalqların birliyi və həmrəyliyidir. Ənənəvi və ya ciddi informasiya resurslarında əməkdaşlıq bir çox problemlərin həllinə kömək edə bilər”.

“Dezinformasiya ilə mübarizədə ən yaxşı beynəlxalq təcrübə” panelində Özbəkistan Prezidenti Administrasiyasının İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi yanında Kütləvi Kommunikasiya məsələləri üzrə Mərkəzin rəhbəri Əkbər Rizayev dezinformasiyaya qarşı mübarizədə “Meta”, “Telegram” və “YouTube” kimi böyük sosial platformalarla əməkdaşlıqdan danışıb: “Dezinformasiya və fişinq hücumlarının qarşısını almaq üçün onlarla vaxtaşırı əlaqə saxlayırıq”.

Öz növbəsində “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov bildirib ki, dezinformasiyaya qarşı mübarizə üsullarından biri də məlumatlı insanları jurnalistikaya cəlb etmək ola bilər: “Jurnalistika prestijli peşəyə çevrilməlidir ki, ora gələn mütəxəssislər yüksək peşəkarlığa malik, baş verən proseslərdən xəbərdar olsunlar”.

Son xəbərlər

Orphus sistemi