Bakı. 10 mart.
“Report”un xəbərinə görə, qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib. Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.
Sonra 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşdırılıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatla çıxış edib. O, Şuranın keçdiyi inkişaf yoluna nəzər salıb, görülən işlər barədə məlumat verib.
Çıxış edən “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas reket jurnalistlərə qarşı daha ciddi mübarizə aparılmasını təklif edib. O, çap mediasına ayrılan maliyyənin də artırılmasını təklif edib.
“Azərbaycan” qəzetinin Bəxtiyar Sadıqov da ölkə jurnalistikasının inkişafından söz açıb. O bildirib ki, Azərbaycan mediası dövlətin dəstəyi sayəsində xeyli inkişaf edib.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir: “Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onalara üzümü tutub deyirəm: “Kimlərinsə diqtəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar”. Mən hamını elə insanlara qarşı mübarizə aparmağa çağırıram”.
APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı çıxış edərək deyib ki, dünyada baş verən qlobal iqtisadi böhran nəticəsində reklam bazarında ciddi bir eniş hiss olunur: “Onlayn media sadəcə gördüyünüz saytlardan ibarət deyil. Bunun ciddi alt infrastrukturu olmalıdır. Bu isə çox böyük vəsait tələb edir. Onlayn mediaya dövlət dəstəyinin verilməsini təklifi dəstəkləyirəm. Onlayn mediaya ciddi dövlət dəstəyinə ehtiyac var. Azərbaycan dövlətinin müstəqil mediaya dəstək göstərmək kimi bir borcu və öhdəliyi yoxdur. Əlbəttə bu bizim xahişimizdir”.
“Gündəlik Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı deyib ki, hər kəs rahatlıqla media orqanı yarada bilər, bununla da peşəkar media gözdən düşür: “İstənilən şəxs domen alıb, sayt aça bilər. Bunun qarşısının alınmasına ehtiyac var. Domenlərin satışı ilə bağlı müəyyən məhdudiyyətlər olmalıdır. Məsələn, televiziya yaratmaq çox çətindir, bunun üçün müəyyən maliyyə tələb olunur, lisenziya alınmalıdır.
Azərbaycan mediasının hazırki vəziyyəti qənaətbəxşdir”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında “freelance” jurnalistikaya toxunub: “Kimsə “freelance” kimi fəaliyyət göstərirsə, özünə VÖEN açdırmalıdır, əldə etdiyi gəlirdən vergi verməlidirlər. 5 il fəaliyyət göstərdikdən sonra hansısa jurnalist təşkilatında üzv ola bilərlər. “Freelance” jurnalistika onlayn medianın bir hissəsidir.
“Yeni Çağ” analitik internet qəzetinin baş redaktoru Aqil Ələsgər deyib ki, internetin verdiyi imkanlarla milli-mənəvi dəyərlər təhdid olunur: “Mətbuat Şurası bunu ciddi müzakirə etməlidir. Bəzi media orqanlarına xaricdən müdaxilələr olur, onlara müəyyən dəstək verilir. Bütün bunlar ciddi şəkildə təhlil olunması, tədbir görülməlidir”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bəzi saytların fəaliyyətindən şikayətlənib. O bildirib ki, həmin saytlar insanları şantaj edirlər: “Mətbuat Şurası bununla bağlı tədbirlər görür. Bu cür hərəkətlər tarixi ləkələyir, bunlara qarşı ciddi cəza tədbirləri görülməlidir”.
“7news.az” saytının baş redaktoru Səbuhi Abbasov təklif edib ki, Mətbuat Şurasında sosial media ilə bağlı ayrıca şöbə yaradılmalıdır.
Sonda çıxış edən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov media ilə bağlı təkliflərə münasibət bildirib. O deyib ki, bundan sonra dövlət mediaya dəstək verəcək.
Sonda Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə keçirilən seçkilərin nəticələri açıqlanıb. Əflatun Amaşov yenidən Şura sədri seçilib, həmçinin İdarə Heyəti yenidən formalaşdırılıb.
Bununla da qurultay başa çatıb.
*** 10:05
Bakı. 10 mart.
“Report”un xəbərinə görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.
Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib.
Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.
Qurultay davam edir.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
*** 09:00
Bakı. 10 mart.
“Report”un xəbərinə görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Konfransda həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.
MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.
Qurultay iştirakçıları Nizamnamə dəyişikliyi təklifini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək.