Lənkəran. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsziliyi Agentliyi (AQTA) "Qida təhlükəsizliyi üzrə media təlimləri" layihəsinə start verib.
"Report"un Cənub bürosunun məlumatına görə, layihə iki hissədən ibarət olub. Birinci hissədə jurnalistlər üçün üç günlük təlimlər keçirilib. İkinci hissədə isə Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasına jurnalistlər üçün infotur təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini - ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva jurnalistələ açıqlamasında bildirib ki, təlimlərin keçirilməsində məqsəd media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.
A.Fərziyeva əlavə edib ki, təlim proqramı və infoturda 40-a yaxın jurnalist iştirak edib: "Proqram çərçivəsində jurnalistlərə heyvan sağlamlığı, bitki sağlamlığı, fitosanitar və baytarlıq işinin təşkili sahəsində sahibkarların qeydiyyatı, sahibkarlarla iş, sahibkarlıq subyektivlərinə dövlət nəzarətinin necə həyata keçirilməsi barədə ətraflı məlumat verilib".
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə qurulub:
1. Heyvan mənşəli xəstəliklərin ekspertizası
2. Bitki mənşəli xəstəliklərin ekspertizası
3. Bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası
Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür.
Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüddur.
Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda aparılır. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.
Qəbul edilmiş nümunələr aşağıdakı şöbələr tərəfindən tədqiq edilir:
Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın qəbulu, bitkiçilik məhsullarının qəbulu və bütün növ qida məhsullarının qəbuludur.
Toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılması məqsədilə dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə olunur.
Fiziki – kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır.
Molekulyar biologiya və GMO – nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir.
Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, eyni zamanda qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan xəstəliklərinin ekspertizası həyata keçirilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib.
Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir.
Heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır.
Karantin ekspertiza şöbəsində bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir.
Qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş və uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır.