Serbiyanın tanınmış ifaçıları Belqradda keçirilən Novruz şənliyində Azərbaycan mahnıları ifa ediblər - VİDEO

Serbiyanın tanınmış ifaçıları Belqradda keçirilən Novruz şənliyində Azərbaycan mahnıları ifa ediblər - VİDEO Qonaqlara Azərbaycan şirniyyatlar təqdim olunub
Mədəniyyət siyasəti
23 Mart , 2016 12:21
Serbiyanın tanınmış ifaçıları Belqradda keçirilən Novruz şənliyində Azərbaycan mahnıları ifa ediblər - VİDEO

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Belqradın mərkəzindəki Taşmaydan parkında Beynəlxalq Novruz Günü münasibətilə tədbir keçirilib.

Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə əvvəlcə qədim Şərqdə baharın gəlişini, təbiətin oynaşını təmsil edən, bolluq, bərəkət rəmzi olan Novruz haqqında məlumat verilib, bu bayramın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildə isə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi tərəfindən 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qəbul edildiyini bildirib.

Tədbirin keçirildiyi ərazidə həmçinin Novruzun tonqalı yandırılıb, Azərbaycanın milli rəqsləri oynanılıb.

Tədbir zamanı Serbiyanın tanınmış opera müğənnisi Nataşa Yoviç “Bu gün ayın üçüdür”, serb müğənni İvana Munca isə “Sarı gəlin” və “Laçın” Azərbaycan xalq mahnılarını ifa ediblər. Eyni zamanda, Müslim Maqomayevin “Azərbaycan” mahnısı, eləcə də Novruzla bağlı “Səməni nazlı gəlin”, “Novruz gəlir, yaz gəlir” və digər mahnılar səsləndirilib.

Yekunda qonaqlar Azərbaycan mətbəxinə məxsus şirniyyatlar, o cümlədən şəkərbura, paxlava, qoğal ilə bəzədilmiş süfrəyə dəvət ediliblər.

Son xəbərlər

Orphus sistemi