“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü açıq elan edib

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü açıq elan edib “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir
Mədəniyyət siyasəti
8 İyun , 2016 20:26
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü açıq elan edib

Bakı. 8 iyun. REPORT.AZ/ “Şahdağ” Turizm Mərkəzi iyunun 11-dən etibarən 2016-cı il yay mövsümünü açıq elan edir. Builki yay mövsümündə hər kəsin maraq dairəsinə və bacarığına uyğun müxtəlif əyləncələr qonaqların ixtiyarında olacaq.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aktiv əyləncəyə üstünlük verənlər üçün xüsusi dağ velosipedi və ya sərbəst velosiped turu, fərqli əyləncə növlərini və sürəti sevənlər üçün trottinet, seqvey - mobil platforma, kvadrosikl, bob kart kimi nəqliyyat vasitələri, sadəcə təmiz dağ havası, ruhu dinləndirən sakitlik və möhtəşəm mənzərələrdən zövq almaq istəyənlər üçün at sürmə, dağlarda gəzinti, adrenalin sevənlər üçün kanatla yüksəklikdən sürüşmə - ziplayn, macəra parkı, peyntbol, azyaşlı turistlərimiz üçün isə hava qəsrlərindən ibarət uşaq parkı və mini kvadrosikllər kimi 12 əyləncə növü təklif olunacaq.

Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün də bir neçə əyləncə növünün daxil olduğu xüsusi paketlər hazırlanıb.

Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olur.

Qış boyunca ağappaq qarla örtülən Şahdağ yamacları hazırda gözoxşayan və mənəvi rahatlıq bəxş edən yaşıllıqlarla örtülmüşdür. Kanat yolları vasitəsilə qış nağılından yaşıl cənnətə çevrilən Şahdağ yamaclarını 2000 m yüksəklikdən seyr etmək mümkündür.

Bundan əlavə turizm mərkəzində yay mövsümü ərzində xüsusilə gənclərin zövqünü oxşayacaq müxtəlif maraqlı və əyləncəli tədbirlər təşkil olunacaq.

İl boyu fəaliyyət göstərmək imkanına malik olan turizm mərkəzində hazırda beş ulduzlu “Şahdağ Hotel və Spa”, eləcə də xüsusi sağlamlıq və bərpaedici prosedurlar və proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssislərin çalışdığı SPA xidməti qonaqların istirahəti üçün ən uğurlu seçimlərdəndir.

Hotel qiymətlərində keçən illə müqayisədə 25 faiz ucuzlaşma müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabradək davam edir.

Son xəbərlər

Orphus sistemi