Yuxarı

Parisdə "Azərbaycan zərdüştlük və odlar diyarı" mövzusunda konfrans keçirilib

Parisdə "Azərbaycan zərdüştlük və odlar diyarı" mövzusunda konfrans keçirilib

Paris. 8 iyun. REPORT.AZ/ Fransada Paris Zərdüştlük Mədəniyyət Mərkəzində "Zərdüştlük antik dövrdən bu günədək: Azərbaycan zərdüştlük və odlar diyarı" mövzusunda konfrans keçirilib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, konfransı Fransada Azərbaycanın Dostları Assosiasiyası təşkil edib.

Dünya şöhrətli aktyor, rejissor Robert Hosseyn və Paris Zərdüştlük Mədəniyyət Mərkəzi tədbirə dəstək verib. 

Konfransda xeyirxah fikri, xeyirxah əməli nəzərdə tutan, səxavəti, doğruluğu, arzu və istəklərdə mötədilliyi təbliğ edən dünyanın ən qədim dini olan zərdüştlükdən ətraflı bəhs edilib. Bugünkü ekoloji təmizlik və təbiətin qorunması kimi müasir konsepsiyaların zədüştlüyə məxsus olan "insan odun, suyun və torpağın təmizliyini qorumalıdır" kimi qədim adətlərindən qaynaqlandığı bildirilib.

Tədbirdə çıxış edən zərdüştşünas Pəri de Sarbay zərdüştlüyün vətəni olan Azərbaycanda hazırda bu qədim dinə məxsus xüsusiyyətlərə rast gəlindiyini,  tolerantlıq, müxtəlif dinlərə məxsus insanlar arasında qarşılıqlı hörmətin, anlaşmanın mövcud olduğunu bildirib. O vurğulayıb ki, azərbaycanlılar xeyirxahlıq və öz əməllərinə görə bütün hallarda məsuliyyət daşımaq kimi dəyərlərə malikdirlər.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel konfransa çox sayda insanın qatılmasını bu mövzuya olan böyük marağın əlaməti kimi qiymətləndirib. Onun fikrincə, qədim tarixdə olduğu kimi, Azərbaycan bu gün də dünyəvilik, tolerantlıq kimi dəyərlərə sadiqdir. 

Bir çox elmi əsərlərin müəllifi, fəlsəfə üzrə doktor Ann Van Sevenant zərdüştlüyə məxsus fikirlərin qədim yunan filosoflarının ideyalarında rast gəlindiyini bildirib və bu dinə məxsus fəlsəfi fikirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir iştirakçılarına gənc azərbaycanlı pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan klassik musiqisi təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi