Novruz bayramı şənlikləri martın 19-da keçiriləcək

Novruz bayramı şənlikləri martın 19-da keçiriləcək Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məlumat verib
Mədəniyyət siyasəti
18 Fevral , 2016 21:20
Novruz bayramı şənlikləri martın 19-da keçiriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ “Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı və qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı hər il olduğu kimi bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı ənənəvi bayram proqramı rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq.

Bu fikirləri fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıq işlərinin aparılması ilə bağlı keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Tədbirdə nazirliyin əlaqədar şöbələrinin müdirləri, məsul əməldaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert, kino müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib. 

Geniş məruzə ilə çıxış edən nazir müavini Ədalət Vəliyev Novruz bayramının bu il də böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planının imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirib.

Qeyd edək ki, xalqımızın ən sevimli bayramı olan Novruzun rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib:

“Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri sürətlə aparılmalıdır. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır”.

Ədalət Vəliyev Novruz personajlarının hazırlıq işlərinə də toxunaraq bildirdi ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Nazir müavini bildirib ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupları, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Novruz şölənində bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim olunacaq. Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib.

Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Həmçinin ölkəmizdə yaşayan azsaylı xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.

Ədalət Vəliyev sonda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib. 

Son xəbərlər

Orphus sistemi