Yuxarı

Lev Leşenko: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

Lev Leşenko: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"
Bakı gözəl şəhərdir və sakinləri də ona uyğun - parlaq və mehribandırlar

Moskva. 24 avqust. REPORT.AZ/ Bakılıların bayramların təşkil olunmasında böyük təcrübəsi var. 

Bu barədə "Report"un Rusiya bürosuna müsahibəsində Rusiyanın xalq artisti, müğənni Lev Leşenko iyulun sonunda Bakıda keçirilən "Jara" musiqi festivalındakı iştirakını şərh edərkən bildirib.

"Bakının öz siması var. Dünyanın ən gözəl şəhərlərindən biridir.Sakinləri də ona uyğun - parlaq və mehribandırlar. Yay eyforiyasının ümumi ab-havası festivalda da özünü göstərdi", - L.Leşenko deyib.

O, "Jara" festivalının təşkilini yüksək qiymətləndirib.

"Dörd gün əyləncə, musiqi, sevinc, alqış və güllər. İfaçılar üçün bu, çox vacibdir. Səhnə, ona çıxış, tamaşaçı zalı, VIP zona əla düzəldilmişdi. Bakılıların bayramların təşkilində böyük təcrübəsi var. Müğənnilər və tamaşaçılar üçün rahatlıq yaratmaqdan ötrü nə güc, nə də vəsitə qənaət etmədiyi aydın görünürdü", - müğənni vurğulayıb.

Onun sözlərinə görə, gənclər üçün çox musiqi olduğundan festivalın ab-havası çox "hərarətli" olub.

"Qeyd edim ki, tamaşaçılar arasında da çoxlu gənclər var idi. Bu da rəmzi xarakter daşıyır. Çünki musiqini və kütləni böyük ölçüdə həmişə gənclər idarə edib. Bu, tükənməz güclü enerjidir", - o əlavə edib.

Xalq artisti festival təşkilatçılarının prioritetləri düzgün müəyyənləşdirdiklərini bildirib.

"Bu ideyanı həyata keçirən Ağalarovlar ailəsinə və onları dəstəkləyən Qrişa Lepsə təşəkkür edirəm. Əlbəttə ki, "Jara"ya gələn bütün ulduzlar razı qalıb", - L.Leşenko deyib. O qeyd edib ki, səhnə arxasında Alla Puqaçova ilə Sofiya Rotaru yaxşı əhval-ruhiyyə yaradıblar.

O həmçinin dəfələrlə Azərbaycan paytaxtına etdiyi səfərləri xatırlayıb.

"Sovet dövründə Bakıya tez-tez gedərdim. Özü də həm solo konsertlər çərçivəsində, həm də müəyyən məsələlərə görə. Bu ənənə postsovet dövründə də davam edib. Bir neçə il əvvəl Azərbaycan və SSRİ futbol veteranlarının matçında Bakıda olmuşam. Bu sahədə bir çox dostum var. Gözəl futbolçu olmuş Ələkbər Məmmədovla dostluq etmişəm. Moskvada o, mənimlə qonşuluqda yaşayırdı, tez-tez ünsiyyət qururduq. Sonra hər dəfə Bakıya gələndə zəngləşib görüşürdük. Neftçilərlə dostluq da ənənəvidir. Neft sahəsində işləyən çoxlu azərbaycanlı tanıyıram", - müğənni qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi