Yuxarı

Lənkəranda beynəlxalq simpozium keçirilib - FOTO

Lənkəranda beynəlxalq simpozium keçirilib - FOTO

Lənkəran. 13 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində Şeyx Zahid Gilaninin doğumunun 800-cü illiyi münasibəti ilə beynəlxalq simpozium keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Dövlət Universiteti (LDU), Konya Necmettin Erbakan Universiteti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə "Doğumunun 800-cü ilində Şeyx Zahid" mövzusunda beynəlxalq simpozium işinə başlayıb.

İştirakçılar tədbirdən əvvəl H.Əliyevin abidəsi önündə ulu öndərin xatirəsini anıblar.

Dövlət himni ilə başlayan simpoziumu giriş sözü ilə açan LDU-nun rektor əvəzi, professor Natiq İbrahimov tədbirin mahiyyəti barədə məlumat verərək simpoziumun işinə uğurlar arzulayıb.

Konya Nəcməddin Ərbakan Universitetinin professoru Ahmed Taşkın, Kastomonu Universitetinin dosenti Namiq Musal, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun dosenti Dilavər Əzimli və başqaları elmi məruzələrlə çıxış ediblər.

İki gün davam edəcək simpoziumda Şeyx Zahid ənənələrindən, onun məktəbinin ardıcıllarından və Lənkəranın mədəni irsində rolundan bəhs edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq. 

Tədbirdə Bolqarıstanın məşhur "Səmah" rəqs qrupu da iştirak edib.

Simpozium İran İslam Respublikasının Ərdəbil şəhərində davam etdiriləcək.

Qeyd edək ki, dövrünün tanınmış ziyalısı, alimi, müəllimi və şairi olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəran rayonunun Siyəvurd (indiki Siyavar kəndi) kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində dünyaya gəlib. Atası Gilan vilayətindən gəldiyi üçün ona "Gilani" ləqəbi verilib. Öz adı Tacəddin İbrahim olub. İlk təhsilini Astaranın Butəsər (indiki Pensər kəndi) kəndində yaşayan Seyid Cəmaləddindən alıb. Tacəddinə böyük ümidlər bəsləyən müəllimi özündən sonra işlərini davam etdirməyi və sufi təriqətinə başçılıq etməyi ona vəsiyyət edib. Özündən əvvəl 7 babasının da Şeyx olduğu Tacəddinə pəhrizkarlığına və ibadətlə çox məşğul olduğuna görə müəllimi Seyid Cəmaləddin "Zahid" ləqəbini verib.

Böyük irfan alimi olan Şeyx Zahid türk, ərəb, fars, gilək və qədim pəhləvi dillərini mükəmməl bilib. Talış və gilək dillərində şeirlər yazıb. Şeyxin çoxlu müridləri olub, onun məktəbinin şöhrəti Əfqanıstan və Hindistana qədər yayılıb.

Şeyx Zahid Gilaninin iki həyat yoldaşından üç övladı olub. Qızı Bibifatimə böyük Səfəvilər sülaləsinin banisi olan Şeyx Səfiəddin ilə ailə qurub, üç övladı olub. 1300-cü ildə dünyasını dəyişən Şeyx Zahid Gilani indiki Siyavar kəndi ərazisində dəfn olunsa da, sonrakı illərdə Xəzər dənizinin səviyyəsinin qalxması səbəbi ilə Şah İsmayıl Xətai ulu babasının qəbrini Hiləkərana (indiki Şıxəkəran kəndi) köçürtdürərək orada yeni türbə inşa etdirib. Həmin türbə 1944-cü ildə sovetlər tərəfindən sökülsə də, yeni türbə ucaldılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi