4-cü IMAGINE Avropa Tolerantlıq Festivalı bu il COVID-19 virusu səbəbindən onlayn formatında keçiriləcək.
“Report” tədbirin iştirakçısı olan Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Festivalın bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyərət etmək fikrində olan dünyanın müxtəlif yerlərindən bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün Bir Mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər.
Bununla da koronavirus pandemiyası dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş olunacaq. Konsert mayın 9-u Avropa Günü canlı baş tutacaq.
9 mayda keçiriləcək “İdeyalar Forumu”nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “COVID-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini bölüşəcəklər.
Həmçinin mayın 12-də çili-belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın canlı konserti və mayın 15-də dünyanın müxtəlif yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti də qeyd edilməlidir.
Bununla yanaşı, müzakirələr, ustad dərsləri, şer gecələri, bədii sərgilər, film nümayişləri və s. keçiriləcək.