Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Daşın nəğməsi" I Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilir

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Daşın nəğməsi" I Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilir Tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edir
Mədəniyyət siyasəti
24 Sentyabr , 2016 16:36
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Daşın nəğməsi I Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilir

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində “Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, Almaniya, ABŞ, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edir.

Simpoziumun davam etdiyi müddətdə iştirakçılar yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradacaqlar. Heykəltəraşlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışırlar.

Macarıstandan olan tanınmış heykəltəraş Bita Rostas (Beata Rostas) Azərbaycan təbii daşlarının incəsənət nümünələri yaradılması üçün çox münasib olduğunu bildirib: “Bizə təqdim olunan daş növləri ilə işləmək çox rahatdır. Əminəm ki, biz öz düşüncələrimizi, yaradıcı fikilərimizi bu materiallarda tam ifadə edə biləcəyik”.

Heykəltəraşlar üçün mövzu məhdudiyyəti yoxdur, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları məhəbbət, həyat eşqi və digər mövzularda işləyirlər.

Gürcüstanın Dövlət Mükafatı laureatı Genadi Zakaraia əsərində Şərq ornamentlərindən istifadəyə qərar verib: “Bakının arxitekturası məni heyran etdi. Qədimliklə müasirlik şəhərin memarlığında çox gözəl sintez olunub. Mən Azərbaycana dəvət olunan an yaradacağım əsərdə daha çox Şərq koloritinə üstünlük verəcəyimə qərar verdim”.

Oktyabrın 2-dək davam edəcək simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək. 

Son xəbərlər

Orphus sistemi