Yuxarı

Heydər Əliyev Mərkəzində "Heksameron" əsəri 6 ölkə pianoçularının ifasında təqdim olunacaq

"Heksameron" əsəri 6 ölkə pianoçularının ifasında təqdim olunacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq "Heksameron" əsəri 6 ölkə pianoçularının birgə ifasında Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

“Report”un xəbərinə görə, martın 7-də baş tutacaq konsert proqramında Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya və Yaponiyadan olan tanınmış pianoçular iştirak edəcəklər.

"Heksameron" fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin "Puritanlar" operasından "Puritan marşı" mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən "Heksameron" əsəri dünyada nadir hallarda ifa olunur.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsert proqramında "Heksameron" əsərini Azərbaycandan Murad Hüseynov, ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada 6 royalda ifa edəcəklər. Tanınmış pianoçuları konsertdə Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək. Repertuara eyni zamanda pianoçuların solo və orkestrlə çıxışları da daxildir.

"Heksameron" əsərinin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və əsərin strukturu, 6 bəstəkarın həmmüəlliflik konsepsiyası də bununla bağlıdır.

1837-ci ildə görkəmli bəstəkar və pianoçu Ferens List 5 həmkarı ilə birgə "Puritanlar" operasından "Puritan marşı" mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter Piksis və Siqizmund Talberq olub.

Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 20, 30, 50, 70 və 100 manatdır. Biletləri Mərkəzin kassası və iTicket.az satış məntəqələrindən və saytından əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi