Yuxarı

Fransızlar Azərbaycana həsr olunmuş klip çəkəcək

​Fransızlar Azərbaycana həsr olunmuş klip çəkəcək

"Yeddi gözəl" musiqi layihəsinin üçüncü klipi Azərbaycanda çəkiləcək". 

Bunu "Report"un Qərbi Avropa bürosuna Fransanın Film Musiqi Mədəniyyətlərarası Assosiasiyanın (fnica) prezidenti Gvendelin Lumaret bildirib.

Onun sözlərinə görə, bu layihənin məqsədi iki dünyanı - şərqlə qərbi bir-birinə yaxınlaşdırmaqdır: "Yeddi gözəl" musiqi layihəsi çərçivəsində çəkilişi nəzərdə tutulmuş 7 klipin birincisi artıq başa çatıb. Azərbaycanın xalq artisti Alim Qasımovun ifasında səsləndirilən bu musiqinin görüntüləri İranın şimal hissəsində, Xəzər dənizində yerləşən adaların birində çəkilib. Burada azərbaycanlı muğam ustadı şərq dünyasını təmsil edir, eyni zamanda müdrikliyin simvoludur. Gəncliyin timsalında isə Alim Qasımovla birlikdə oxumaq üçün gənc iranlı müğənnini seçmişik. Ümumilikdə, 7 klipin hər biri ayrı-ayrı ölkələrdə çəkiləcək. Üçüncüsü, Azərbaycana həsr ediləcək və orada çəkiləcək".

G.Lumaret deyib ki, Fransa mətbuatında Azərbaycanla bağlı əsassız tənqidlərin yer alması yanlış məlumatlandırmadan, tanımamazlıqdan irəli gəlir: "Layihəmizin məqsədi iki dünyanı, şərqlə qərbi bir-birinə yaxınlaşdırmaqla yanaşı, az tanınan mədəniyyətləri Fransada tanıtmaqdır. "Yeddi gözəl" layihəsi çərçivəsində 7 klipdən əlavə, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin sözlərinə yazılmış, A.Qasımovun ifasında "Qara Torpaq" adlanan birinci klipin diski işıq üzü görüb. A.Qasımovun 12 fotosu, xanəndə haqqında kitab hazırlanıb və bir sıra mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycanlı musiqiçinin fotoları Fransanın müxtəlif təşkilatları, habelə Parisdə yerləşən Fransua Mitteran adına Dövlət Kitabxanası, Konyak şəhər meriyası, Fransa radiosu, YUNESKO-nun iqamətgahı və digər binalarda asılacaq. Fransa mətbuatında mənfi fikirlər insanların bilməməzliyindən, xəbərsiz olmalarından irəli gəlir. Azərbaycanın zəngin mədəniyyəti Fransada yaxından tanıdılmalıdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi