Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edib Nazir bölgədə aparılan işlərlə tanış olub
Mədəniyyət siyasəti
30 Mart , 2015 14:12
Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edib

Bakı. 20 mart. REPORT.AZ/ Martın 30-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

"Report" xəbər verir ki, nazir bölgədə olan tarixi abidələrlə tanış olub.

Əbülfəs Qarayev Tovuz şəhərindəki Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində aparılan yenidənqurma işləri ilə də tanış olub, müvafiq tapşırıqlar verib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey üçün ikimərtəbəli, müasir standartlara cavab verən yeni bina inşa edilir.

Nazir Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyini, Qovlar şəhər Mədəniyyət evini, qala kompleksini ziyarət edib.
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib.

Müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təmin olunması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, təmir-bərpası, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, turizmin inkişaf etdirilməsi və s. məsələlərlə bağlı olub.
Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub. Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilib.
Turizmin inkişafı və tarix-mədəniyyət məkanlarının turizm marşrutlarına daxil edilməsi barədə müraciətlərə toxunan Əbülfəs Qarayev bu məsələlərə konseptual şəkildə baxıldığını və regionun turizm baxımından geniş potensialı olduğunu vurğulayıb.

Qəbuldan sonra nazir Əbülfəs Qarayev Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Müşavirədən sonra Əbülfəs Qarayev Azərbaycan-Gürcüstan sərhədinə gedərək Qırmızı körpü tarixi abidəsi ətrafındakı vəziyyətlə tanış olub.

Xramçay üzərindən salınmış Qırmızı körpü XII əsrə aid memarlıq nümunəsidir. Nazir Qazax rayonundakı "Avey" Tarix-Mədəniyyət Qoruğu ərazisindəki Damcılı qədim yaşayış məskəninə də baş çəkib.

Son xəbərlər

Orphus sistemi