Yuxarı

“Cinemazadeh”in dublyajı brendə çevrilir

“Cinemazadeh”in dublyajı brendə çevrilir

“Cinemazadeh” studiyası ölkənin ən gənc kino şirkəti olmasına baxmayaraq, bu günədək ən böyük, riskli və müvəfəqiyyətli layihələrə imza atıb.

Studiyada olan “Report”un əməkdaşı dublyaj prosesinin bəzi detallarını öyrənib. 

Məlumat üçün bildirək ki, dublyaj sözü “ikili” mənasını verir və audiovizual məhsulların orijinalındakı dildə danışmayan ölkələrdə nümayişini təşkil etmək məqsədi ilə aktyorların nitqinin bütünlüklə çevrilməsini, tərcüməsini nəzərdə tutur. Dublyaj sözü bəzən “səsləndirmə” sözünə sinonim olaraq da işlənir.

Qeyd olunub ki, “Cinemazadeh”də dublyaj prosesi bir neçə mərhələdən ibarətdir. İlk olaraq filmin yayımı üçün lisenziya əldə edilir, ardınca filmin tərcüməsi həyata keçirilir, sonra redaktə olunub “öz dilimzə” uyğunlaşdırılır, daha sonra mətnin düzümünə (“ukladka”sına) başlanılır ki, orijinal mətndəki ifadələrin uzunluğu ilə dublyaj edən aktyorların artikulyasiyası üst-üstə düşsün. Tam mətn hazır olandan sonra dublyaj rejissoru personajlara baxır və aktyor seçimi mərhələsinə başlayır. Aktyor seçimi təsdiq edildikdən sonra studiyaya dəvət olunurlar və səsləndirmədə iştirak edirlər. 

Dublyajda adətən peşəkarların işindən istifadə olunur. Əgər kiminsə dublyaj üçün tələb olunan göstəriciləri yerindədirsə, o zaman peşəkar olması əhəmiyyət daşımır. Xarici filmlərdən tərcümə edəndə elə sözlər olur ki, onu özümüzünküləşdiririk. Təbii ki, məna fərqini itirməməyə çalışırlar. Filmin tərcüməçisi studiyanın konseptinə uyğun olaraq çevirmə edir. Xarici filmlərdə səsləndirilən vulqar sözləri gizli də olsa hansısa formada tamaşaçıya çatdırmağa çalışılır. Orta sürətlə ay ərzində 3-4 film dublyaj edilir. Studiya bazar şərtləri daxilində ən yuxarı qonorar verən studiyadır.

Alınacaq filmləri “Cinema Distribution Azerbaijan” yayım şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi, dublyaj edəcək aktyorları “Cinemazadeh” studiyasın müəyyən edir.

“Cinemazadeh” studiyası kino istehsalı ilə yanaşı, 2016-cı ildən ən yeni əcnəbi filmlərin Azərbaycan dilinə peşəkar dublyajını həyata keçirir. Bu günədək 40-dək film ən məşhur simaların və peşəkar heyətin iştirakı ilə dublyaj olunaraq müvəfəqiyyətlə “Cinemaplus” kinoteatrlarda nümayiş olunub. Dublyaja peşəkar dublyaj aktyorlarından başqa məşhur simalar - Murad Dadaşov, Aqil M. Quliyev, Oksana Rəsulova, Kəmalə Piriyeva, Əlixan Rəcəbov, Ceyhun Zeynalov, Miri Yusif, Sevda Ələkbərzadə və digər məşhurlar dəvət olunurlar.

Hazırda “Tim Taler və ya satılmış gülüş” adlı növbəti ailə filmi dublyaj edilir. Filmin antoqonistini Əlixan Rəcəbov dublyaj edir.

Qeyd edək ki, filmlərin məhz Azərbaycan dublyajı, tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanıb. 2018-ci ildə Azərbaycan dublyajında nümayiş olunan filmlər arasında ən çox tamaşaçı sayı toplayanları “Paddınqton 2” və “Eskobar” oldu. Bu gün “Cinemazadeh” kinoteatrlarda nümayiş üçün filmləri Azərbaycan dilinə dublyaj edən yeganə yerli studiyadır.

Əsas istiqaməti film istehsalı olan “Cinemazadeh” studiyasında istehsal olan “Kəklikotu” filmi kinoteatrlarda izlənmə sayına görə rekord nəticə göstərdi. Martın 7-də tamaşaçılara təqdim olunan “Çat kapı aşk” filminin çəkilişləri isə türk ulduzlarının iştirakı ilə “Cinemazadeh” tərəfindən tamamilə Türkiyədə aparılıb. 22 martdan filmin Türkiyədə, ardınca isə Avropada kinoteatrlarda geniş nümayişinə başlanılır. Hazırda “Cinemazadeh” studiyasında Məcid Hüseynovun baş rol aldığı “Hozu. Zona” komediya filminin çəkilişləri, bir neçə tammetrajlı bədii filmlərə hazırlıq prosesləri gedir. Filmlərin baş prodüseri “Cinemazadeh” studiyasının təsisçisi, rejissor Cəfər Axundzadədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi