Yuxarı

BANM-da Rasim Balayevin 70 illik yubileyi qeyd edilib

Dinlə

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyi və "Nəsimi" filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Aydın Mirzəzadə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, xalq artisti Rasim Balayev və digər akytor qonaqlar, BANM-ın professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər.

E.Qasımov xalq artisti Rasim Balayevi 70 illik yubileyi münasibətilə BANM kollektivi adından təbrik edib. 

Rektor deyib ki, “Nəsimi” filmi aktyor R.Balayevin kinoda ilk işi olmasına baxmayaraq, bu rolu ona 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Ən yaxşı kişi rolu” mükafatını qazandırıb, filmin özü isə “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb.

Xalq artisti Rasim Balayev çıxışında ona və onun yaradıcılığına olan maraq və rəğbətə görə E.Qasımova təşəkkür edib. Ali Məktəbdə ikinci dəfədir olduğunu bildirən aktyor BANM-ın və onun kollektivinin onun ürəyində xüsusi yeri olduğunu vurğulayıb. Aktyor eyni zamanda tədbir iştirakçılarına rol aldığı filmlər və çəkiliş zamanı yaşanan maraqlı anlardan danışıb.

Daha sonra E.Qasımov tərəfindən xalq artisti Rasim Balayevə onun 70 illiyi münasibətilə xatirə plaketi təqdim edilib. Aktyorla görüşdə həmçinin sənətkarın oynadığı filmlərdən olan qısa fraqmentlər göstərilib.

Tədbirdə həmçinin Milli Məclisin deputatı, eyni zamanda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov və əməkdar artist Xalidə Quliyeva çıxış edərək Rasim Balayev və onun yaradıcılıq fəaliyyətindən danışıblar.

Görkəmli aktyor Rasim Balayevlə görüşə böyük həvəs göstərən BANM tələbələri ona maraqlı suallar verib, aktyorun səmimi cavablarını dinləyiblər.

Tədbirin sonunda Ali Məktəbin Konqres zalının səhnəsində baş rolu Rasim Balayevin aldığı və rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” tarixi filmi nümayiş etdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi