Yuxarı

“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda konfrans keçirilib

“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda konfrans keçirilib
Tədbirdə məruzələr dinlənilib
© Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur: "Əqli mülkiyyətin həm iqtisadi, həm sosial-elmi, həm də mədəni əhəmiyyəti var. Patent hüququ obyektlərinin mühafizəsi sənayenin effektivliyinə təsir etməklə yanaşı, ölkədə elmi biliklərin aşılanmasına, mədəni irsin qorunmasına, tarixən əldə olunmuş nüfuzun, intellektual komponentlərin gələcək nəsllərə ötürülməsinə mühüm vasitədir".

Mədəniyyət və turzim nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu, ölkənin musiqi diyarı kimi tanındığını vurğulayıb. O bildirib ki, xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olub. 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarının, milli musiqi alətlərinin, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin və digər mədəniyyət nümunələrinin ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə dəfərlərlə cəhd edildiyni, lakin bu cəhdlərin qarşısının alındığını və milli-mənəvi dəyərlərin qorunduğunu deyib.

Konfransda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov və digərləri çıxış ediblər.

Tədbirdə “Mədəniyyətin ənənəvi ifadəsinin patentlə qorunmasının xüsusiyyətləri”, “Milli musiqi alətlərinin təkmilləşdirilməsi istiqamətləri və problemləri”, “Azərbaycanın qədim musiqi alətlərinin bərpa ənənələri”, “Orqanologiya sahəsində Azərbaycan milli alətlərinin elmi nailiyyətləri”, “Qarmon alətində təkmilləşmə işi”, “Saz aləti tarixi-semiotik informasiyanın daşıyıcısı kimi” mövzularında məruzələr dinlənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi