Paris. 22 sentyabr. REPORT.AZ Azərbaycan Fransanın Normandiya regionunda keçirilən "Sülhü yaşadaq" festivalında təmsil olunub.
"Report" un Qərbi Avropa bürosu məlumat verir ki, festivalda Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Səddam Novruzbəyovun rəhbərliyi altında Azərbaycanın milli musiqisi alətlərindən ibarət konsert proqramı təqdim edilib.
Qədim musiqi alətləri tütək, zurna və balabanda beynəlxalq müsabiqələrin iştirakçısı Səddam Novruzbəyovun ifası iştirakçıların gurultulu alqışları ilə qarşılanıb. Onu zərb alətlərində Naghib Şanbezadə, bas gitarada Emrah Kaptan müşayiət ediblər.
Hindistan səfirliyinin dəstəyi, Tapovan Yoqa və "Ayurveda" Açıq İnstitutunun təşkilatçılığı ilə keçirilən "Sülhü yaşadaq" festivalı 3 gün davam edəcək. Beynəlxalq Sülh gününə həsr edilmiş festivalda məqsəd millətindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq hər bir insanın və bütün bəşəriyyətin xilası, gələcəyin zamini olan sülhü təbliğ etməkdir.