Yuxarı

Astarada türk zabitinin məzarına xatirə lövhəsi qoyulub - FOTO

Astarada türk zabitinin məzarına xatirə lövhəsi qoyulub - FOTO
Xatirə lövhəsinin rəsmi açılışı olacaq
© Report.az

Astara. 29 mart. REPORT.AZ/ Astara rayonunda Osmanlı Türk İslam Ordusunun zabiti Yusif Camal bəyin və onun silahdaşının məzar daşları yenilənib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin köməyi ilə yenilənən, ordu komandanı Yusif Camal bəyin məzarı Astara rayonunun Pensər kəndindəki qəbiristanlıqdadır. O, ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlara son vermək üçün Azərbaycana gələn Osmanlı Türk İslam Ordusunun zabiti olub. Amansız döyüşlərdə top mərmisinin qəlpəsi ilə yaralanaraq dünyasını dəyişib. Xalq arasında "Camal Paşa" kimi tanınan Yusif Camal bəy onunla eyni vaxtda şəhid olan astaralı silahdaşı Hacı Osmanla yanaşı dəfn olunub.

Şəhid hacı Osmanın nəticəsi Mürsəlov İntizar Pensər qəbiristanlığında daha bir neçə türk əsgərinin də məzarının olduğunu bildirib. "Elə dövrlər olub ki, bu qəbirləri söküb dağıtmaq istəyiblər ki, yaddan çıxsın. Lakin, onların qəbri gizlin saxlanılıb. Qəbirləri tanımaq üçün məscidin günbəzindən qiblə istiqamətində 30 metr aralıda nişanlayaraq daş qoyublar. Biz də kəndin ağsaqqallarından öyrənmişik. Bir də ki, Camal Paşanın yaxın silahdaşı olan Hacı Osman kəndin maarifpərvər, xeyriyyəçi bir şəxsiyyəti olduğundan xalq onu heç zaman yaddan çıxarmayıb. Beş-altı il əvvəl Lənkəranda Türk Konsulluğu açılanda onların nümayəndələri ilə görüşdüm. Maraqlandılar, izah edib onların da diqqətini bu məsələyə yönəltdim. Nəhayət, istəyim reallaşdı. Baş daşları yeniləndi, şəhid əsgərlərin xatirəsinə xatirə lövhəsi qoyuldu. Sabah xatirə lövhəsinin rəsmi açılışı olacaq".

Qeyd edək ki, 1918-ci ilin mart qırğınları Lənkəran qəzasına aid olan cənub rayonlarında da amansızlıqla həyata keçirilib. Tarixi mənbələrə görə erməni-daşnaq və eserlərdən ibarət hərbi birləşmələri Lənkəran və ətraf rayonlarda 40-a yaxın kəndi yandırıb, yüzlərlə günahsız insan qətlə yetirib, talanlar törədiblər. Bu talanlar xalq arasında "Camal Paşa" kimi tanınan Yusif Camal bəyin rəhbərlik etdiyi 300 nəfərlik Osmanlı Türk İslam Ordusu Lənkərana gələnə qədər davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi