“Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfindən Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək, sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə aparılan rekonstruksiya işlərindən ibarətdir".
"Report" xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son illər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib: "İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirmir".