Gəncədə mövcud olan xristian ibadətgahları şəhərin ümumi tarixinin mühüm hissəsini təşkil edir.
"Report"un Qərb bürosunun məlumatına görə, qədim tarixə malik Gəncədə çox sayda məscidlərlə yanaşı, şəhər əhalisinin müəyyən hissəsini təşkil edən xristianların ibadəti üçün müxtəlif dövrlərdə kilsələr də inşa olunub. Şəhərin xristian məbədləri sırasında olan Müqəddəs Kiril və Mefodi kilsəsinin binasında hazırda Gəncə Dövlət Kukla Teatrı, Müqəddəs Sərkis kilsəsində isə kitabxana yerləşir. Müqəddəs İohann və digər kilsələri tarixi abidə qismində mühafizə edilir.
Tarixçi Bəxtiyar Məhərrəmov bildirib ki, Gəncədə bu qədər kilsənin mövcudluğu heç də təsadüfi deyil. Onun sözlərinə görə, şəhərdə və ətraf rayonlarda ümumilikdə 60-a yaxın kilsə var, onlardan təqribən 10-u məhz Gəncədə inşa edilib:
"Onların bəziləri sovetlər dönəmində dağılıb, bəziləri isə tarixi abidə kimi qorunub saxlanılır. Gəncədəki xristian dini məbədlərinin bir hissəsi alban, bir hissəsi isə pravoslav kilsəsi olub. Şəhərdə ilk pravoslav kilsəsinin inşasına Gəncənin 1804-cü ildə Rusiya tərəfindən işğal edilməsindən sonra başlanılıb. İlk kilsə isə Xan məscidinin xristian məbədinə çevrilməsi nəticəsində yaranıb. Bir müddət - haradasa, XIX əsrin 50-ci illərinə qədər həmin kilsədə məmurların ailələri və yüksək təbəqəyə aid insanlar ibadət ediblər. Lakin Xan məscidinin sahəsi kiçik olduğundan (orada yalnız hökmdarın 5-10 nəfərlik ailə üzvləri namaz qılıb), həmin bina təmir işləri adı altında sökülüb, yerində Müqəddəs Nikolay kilsəsi inşa olunub. Gəncədə ruslar tərəfindən inşa edilən ilk kilsə də məhz o məbəd hesab edilir”.
Tarixçi XIX əsrin 50-ci illərində şəhərdə Kiril və Mefodi qardaşlarının şərəfinə inşa edilən eyni adlı məbəd haqqında bunları deyib:
“Bu kilsə Gəncədə Kişi Gimnaziyasında təhsil alanların ibadət etməsi üçün inşa olunub və klassik Qafqaz üslubunda tikilib. Yəni düzbucaqlı formasında tikilən binanın üzərində kirəmitdən dam düzəldilir və onun düz qarşısında zəng qülləsi, yaxud tikilinin kilsə olduğunu bildirən müəyyən əlamətlər qoyulur. Kilsənin önündəki zəng qülləsinin yerinə tikilən o hissə dördkünc olduğuna və tərsinə qoyulmuş romba oxşadığına görə bəzən məbədi səhvən alman kilsəsi də adlandırıblar. Əslində, Gəncədə heç vaxt alman icması olmadığından, onlara məxsus dini məbədin mövcudluğu da mümkün deyildi”.
B.Məhərrəmov əlavə edib ki, Gəncədə iki əsr əvvəl xristian əhalinin artması onlar üçün yeni ibadət yerlərinin açılmasını şərtləndirib:
“Ancaq o kilsə də Gəncədə Rusiya işğalından sonra artan xristian əhalinin tələbatını ödəmədiyi üçün yeni kilsənin tikintisi qərara alınır. Təxminən 1858-ci ildə şəhərdə yeni kilsə tikilir. Amma həmin kilsənin də sahəsinin kiçik olması səbəbindən, eyni zamanda, Gəncənin quberniya mərkəzinə çevrilməsindən sonra daha böyük kilsənin inşasına ehtiyac yaranıb. Bu məqsədlə çar hökumətinə geniş raport göndərilir.
Nəzərdə tutulan kilsənin inşası üçün əvvəlcə 50 min rubl, daha sonra isə 70 min rubla yaxın vəsait ayrılır. Hətta çar II Aleksandrın xanımı da özünün qiymətli zinət əşyalarını kilsənin inşası üçün ianə edib. Nəhayət uzun sürən hazırlıqdan sonra 1887-ci ildə polyak memar Polenskinin layihəsi əsasında Aleksandr Nevski kilsəsi inşa edilir. Klassik pravoslav üslubunda tikilən kilsə əvvəlcə Tiflis, daha sonra Bakı yeparxiyasına tabe olub. Sovet hakimiyyəti dövründə kilsənin fəaliyyəti dayandırılsa da, daha sonra məbəd Şimali Qafqaz yeparxiyasının nəzdində fəaliyyətini davam etdirib”.
Tarixçi Gəncədə Rusiya işğalına qədər alban xristian məbədlərinin fəaliyyət göstərdiyini deyib:
“Gəncədəki xristian məbədləri arasında 1612-ci ildə tikilən, hazırda Kamera Orkestrinin binası kimi istifadə olunan alban kilsəsi xüsusi seçilir. Bu məbədin inşası o dövrün Gəncə-Qarabağ hakimi olan Ziyadoğlu-Qacar sülaləsinin adı ilə bağlıdır.
Kilsənin memarlığının maraqlı cəhəti ondan ibarətdir ki, məbədin zəng qülləsi tökmə daşdan düzəldilib. Yəni bütöv bir daşı yonaraq onun əsasında qülləni ərsəyə gətiriblər. Əvvəllər o kilsədə gəlib ibadət edənlərin sayı az olsa da, Cavad xanın atası Şahverdi xanın dövründə xeyli alban Gəncəyə köçürülür və həmin kilsə onların istifadəsinə verilir. Albanlar məbəddə ibadətlə yanaşı, öz xristian bayramlarını (“Pasxa”, “Məryəmin doğuluş günü” “Apostollar”) da qeyd edirdilər.
Deyilənlərə görə, xanın özü də o bayramlarda iştirak edərdi, hətta məbəddə “xan sütunu” deyilən xüsusi yerin olduğu da bildirilir. Ümumiyyətlə, Şahverdi xanın dövründə Gəncə bir müddət alban kilsəsinin mərkəzlərindən biri sayılıb. Kilsənin həyətində bir neçə alban katolikosunun məzarı olub. Kilsənin özəlliklərindən biri də o idi ki, həmin dövrdə monofizit xristianlığa aid bayramlar, adətən, orada qeyd edilirdi”.
B.Məhərrəmov Gəncədə vaxtilə mövcud olmuş digər kilsələr haqqında da danışıb:
“Muxtar Hacıyev küçəsindəki kilsənin dəqiq tarixi məlum olmasa da, onun artıq 1747-ci ildə alban kilsəsi kimi fəaliyyət göstərdiyi deyilir. Onun ərazisində hətta xristian qəbiristanlığı da olub. Lakin Rusiya işğalından sonra alban məbədi pravoslav kilsəsinə çevrilib. Bəzi məlumatlarda isə məbədin dağıdıldığı, yerində pravoslav kilsəsinin tikildiyi qeyd olunur. Lakin bu məlumatların dəqiq olduğunu söyləmək mümkün deyil. Həmin kilsə hazırda yarıuçuq vəziyyətdədir və istifadə edilmir.
Haqqında danışdıqlarımızdan başqa, indiki Dəmir Yolu Vağzalı səmtində yerləşən hərbi hospital üçün də kilsə olub. Belə ki, Rusiyanın apardığı savaşlarda yaralanan əsgərlərin bir qismi Gəncədə müalicə aldığına görə onların ibadəti üçün orada kiçik bir kilsə tikilib. O da bir müddət fəaliyyət göstərib, sonra isə dağıdılıb”.