Yuxarı

Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Ukraynanın İqtisadiyyat və Hüquq Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ukraynanın iri özəl tədris müəssisələrindən olan İnkişaf, Təhsil və Kadrlar Korporasiyası şəbəkəsinə daxil olan İqtisadiyyat və Hüquq Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumatına görə, mərasimdə səfir Eynulla Mədətli, səfirliyin diplomatları, Azərbaycanın 2001-2010-cu illərdə Ukraynada səfiri olmuş Tələt Əliyev, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi polis polkovniki Şahin Qocayev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri professor Aydın Salmanov, Azərbaycan və Ukrayna Sahibkarlar və Sənayeçilər İttifaqının prezidenti Əli Əliyev, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, tələbə gənclər və başqaları iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Eynulla Mədətli mərkəzin açılmasına görə universitetin rəhbərliyinə, habelə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadova minnətdarlıq edərək xatırladıb ki, bu istiqamətdə pilot layihə 2014-cü ildə "Avropa" Universitetində həyata keçirilib. Səfir Azərbaycan Mədəniyyət Mərkəzinin tələbələrin yaradıcı layihələrinin həyata keçirilməsinə şərait yaradacağından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin çatdırılması üçün informasiya meydanına çevriləcəyindən əmin olduğunu vurğulayıb.

Sonra universitetin akt zalında səfir Eynulla Mədətli 35 nəfər azərbaycanlı tələbəyə iqtisadiyyat üzrə bakalavr diplomlarını təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi