Tbilisidə “Əli və Nino” filminin premyerası olub

Tbilisidə “Əli və Nino” filminin premyerası olub Tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər
Mədəniyyət siyasəti
23 Oktyabr , 2016 00:34
Tbilisidə “Əli və Nino” filminin premyerası olub

Tbilisi. 23 oktyabr. REPORT.AZ Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerası olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Batumidəki baş konsul Rəşad İsmayılov, səfirliyin əməkdaşları, “SOCAR Energy GAS” MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin işçiləri, bu ölkənin mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tbilisi şəhərinin meri David Narmaniya, Türkiyənin səfiri Zəki Ləvənt Gümrükçü, kino, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Mixail Georqadza deyib ki, bu filmin çəkilişi və gürcü dilinə tərcümə olunması, iki qonşu və qardaş Azərbaycan və gürcü xalqları arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Nazir deyib: “Çox şadam ki, bu film gürcü dilinə tərcümə olunub və Tbilisidə tamaşaçılara təqdim olunur. Film ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifə açacaq”.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn bildirib ki, Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir. Ekran əsəri 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustanda, Qubanın Xınalıq kəndində və başqa yerlərdə aparılıb. Bu film təkcə iki gəncin məhəbbətindən deyil, bütövlükdə bəşəri dəyərlərdən bəhs edir.

Diplomat bildirib ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi isə "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər.

Səfir jurnalistlərə müsahibəsində deyib: "Bu əsər Azərbaycan ilə Gürcüstanı birləşdirən qırmızı körpüdür. Filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidentin Leyla Əliyevanın böyük xidmətləri olub. İnanıram ki, bu film iki dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Mixail Georqadze deyib ki, filmin gürcü dilinə tərcümə olunması bizim üçün mühüm əhəmiyyət kəsb edir: “Filmdə cərəyan edən hadisələr, eyni zamanda, Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluğun, qardaşlığın göstəricisidir. Çox şadam ki, dünyada tanınan aktyorlar məhz Azərbaycan və gürcü xalqlarının dostluğunu canlandırıblar”.

Mahir Məmmədov isə bildirib ki, oktyabrın 5-də Bakı şəhərində bu filmin nümayişi olub. Bu film nəinki Bakıda, xarici ölkələrdə də böyük marağa səbəb olub. Gürcü dilinə tərcümə olunub və çox şadıq ki, bu gün film Tbilisidə nümayiş olunur. Ümid edirəm ki, film gürcü kinosevərləri tərəfindən bəyəniləcək”.

Qeyd edək ki, “Əli və Nino” filmin oktyabrın 23-dən etibarən Gürcüstanın bütün bölgələrində nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi