Martın 11-də Tbilisidəki Gürcüstan Milli Kitabxanasında “Palitra-İnteqrasiya 2024” layihəsi çərçivəsində “TEA HOUSE"un rəsm müəllimi, gənc rəssam Emilya Hüseyinovanın əsərlərindən ibarət “Xəyala ilk addım” adlı fərdi sərgisi açılıb.
"Report" xəbər verir ki, tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, gənclər iştirak ediblər.
Canlı musiqi fonunda keçirilən tədbir “Gürcüstan İncəsənət Akademiyası” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.
“İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov bildirib ki, “Palitra İnteqrasiya layihəsi” 2018-ci ildən həyata keçirilir. Layihənin məqsədi regionda incəsənətin inkişafı və incəsənət sahəsində inteqrasiyaya nail olmaqdır.
O, bu işdə göstərdiyi dəstəyə görə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu xüsusi qeyd edib.
Sonra o, gənc rəssamın uğurlarından söz açıb. Bildirib ki, 13 yaşından rəsmlə məşğul olan E.Hüseynova özü “Tea House”un tələbəsi olub. O, indi öz bilik və bacarıqlarını, rəssamlığın sirlərini yeniyetmə və gənclərə öyrədir.
Bugünkü sərgidə rəssamın realizm növündə, yağlı boya ilə kətan üzərində çəkilən portret, animalizm, natürmort, məişət və mənzərə janrlarında çəkdiyi 30-dan çox əsəri nümayiş etdirilir.
“Gürcüstan İncəsənət Akademiyası”nın direktoru Denis Nesterenko çıxışında gənc azərbaycanlı rəssamın əsərlərini yüksək qiymətləndirib. Bildirib ki, indi gənclərin rəsmə, heykəltaraşlığa, bir sözlə, incəsənətə həvəsi artmaqdadır. Akademiya da onlara lazımi dəstək göstərməyi özünə borc bilir.
Direktor deyib ki, “Gürcüstan İncəsənət Akademiyası” etnik azlıqlar arasında bacarıqlı gənclərin seçilib irəli çəkilməsi, onların daha yaxşı təhsil almalarına yardım məqsədi yeni layihə hazırlayıb. Gürcüstanda yaşayan azərbaycanlı gənclər də bu layihədən bəhrələnəcəklər.
“Ümid edirəm ki, bu layihə gənc istedadların üzə çıxmasında və inteqrasiyasında mühüm rol oynayacaq” – D.Nesterenko vurğulayıb.
E.Hüseynova çıxış edərək ona göstərilən dəstəyə və sərginin təşkilinə görə, minnətdarlığını bildirib.
Sonra Tbilisi 8 saylı Musiqi Məktəbinin şagirdləri fortopiano, piano və skripkada dünya musiqiçilərinin əsərindən parçalar ifa ediblər.