Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfirliyi aprelin 5-də Sofiyada "Azərbaycan - rənglərin sehrli kainatı" adlı sərgi keçirəcək.
"Report" "Novitine.com" portalına istinadən xəbər ki, sərgi Bolqarıstanın paytaxtının Milli İncəsənət Qalereyasında nümayiş olunacaq.
Tədbir Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Sərgidə rəsm əsərləri dünyanın bir sıra muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan Yavər Sultanov, Mir Nadir Zeynalov, Cavad Mircavadov, Eldar Məmmədov və Vüqar Məmmədov kimi məşhur rəssamların əsərləri təqdim olunacaq.
Qeyd olunur ki, sərginin ziyarətçiləri Azərbaycanın qədim və zəngin mədəniyyəti, bu ölkənin incəsənətinin rəngarəngliyi ilə tanış ola biləcəklər.
Sərgi mayın 21-dək davam edəcək.