Oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümüdür. Ötən dövrdə Azərbaycanda hər şey dəyişib. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi rifaha, demokratik inkişafa nail olub, rəsmi Bakının bölgədə və dünyada mövqeləri güclənib, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ən əsası isə Ermənistanın 30 illik işğalına son qoyulub, Azərbaycanın bütövlüyü və suverenliyi tam bərpa edilib. Qarabağın hər bir nöqtəsində şanlı Azərbaycan bayrağı ucaldılıb. İşğalçılar layiqli cəzalarını alıb və alırlar. Bir sözlə, məğlub dövlət və xalqdan qalib dövlətə və xalqa çevrilmişik. Bəs bütün bu dəyişikliklər, tarixi zəfər, qalib sərkərdənin obrazı ədəbiyyat, incəsənət nümunələrində necə təsvir edilməlidir?
"Report" mövzu ilə bağlı Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ilə olan müsahibəni təqdim edir:
- Siyavuş müəllim, Prezident İlham Əliyevin 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin 20 il ərzində gördüyü işlər göz qabağındadır. Bu illər ərzində istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər cəhətlərdən Azərbaycan dünyada ən hörmətli ölkələrdən birinə çevrilib. Bunların hamısı dövlət başçımızın uğurlu fəaliyyətinin əsas göstəricisidir. Prezidentin bu illər ərzindəki fəaliyyəti o qədər genişdir ki, bundan günlərlə danışmaq olar. Hansı sahənin adını çəksək, orada ancaq yüksək nailiyyətlərdən danışmaq mümkündür. Əvvəla, ondan başlamaq istəyirəm ki, biz yaşlı nəsil daha çox Ulu Öndər Heydər Əliyevin dövründə yaşamışıq və həyat yolumuzun çox hissəsi onun dövrünə təsadüf edib. Ona görə də, açığı, o zaman prezident seçkiləri vaxtı Heydər Əliyevdən başqasının hakimiyyətdə olmasını istəmirdik və qəbul edə bilmirdik. Biz ancaq onu görmək istəyirdik. Axı, kim gələ bilər və proseslər necə olar deyə suallar var idi. Bu sualların da cavabını məhz Heydər Əliyev verdi.
İlham Əliyev çox praqmatik və uzaqgörən liderdir
2003-cü ildə prezident seçkiləri ərəfəsində Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. O zaman Heydər Əliyev bir ifadə işlətdi. Dedi ki, "mən İlham Əliyevə özüm qədər inanıram. O, çox praqmatik və uzaqgörəndir". Bildiyiniz kimi, İlham Əliyev hər şeydən öncə dünyada çox böyük nüfuza malik olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, hətta orada müəllim kimi də fəaliyyət göstərib. Ancaq bundan da önəmli olan İlham Əliyev Heydər Əliyev məktəbi keçib, Heydər Əliyevdən tərbiyə alıb, onun dünyagörüşü əsasında böyüyüb. Xatırlayıram ki, İlham Əliyevin Prezident kimi ilk rəsmi görüşü Türkiyənin o zamankı Prezidenti Əhməd Necdət Sezərlə oldu. Bununla bağlı televiziya kanalında görüntülər verilmişdi. Mənim həmin görüşdə iştirak edənlərlə söhbət etmək imkanım da oldu. Onlar İlham Əliyevə heyranlıqlarını gizlədə bilmirdilər.
İkinci Qarabağ müharibəsi dövründə hər kəs Prezident İlham Əliyevin çıxışlarını gözləyirdi. Bununla bərabər, Prezidentin xaricdən gəlmiş, bizə qərəzli mövqedə olan jurnalistlərlə görüşləri də maraqla gözlənilirdi. Onun hər bir jurnalistə ayrı-ayrılıqda necə dəqiq, məntiqli, dürüst və düşünülmüş cavabları isə hər kəsin diqqətində idi. Bunu tək öz adıma demirəm, hər kəs bu cür biliyə, təcrübəyə malik olan insana məəttəl qalırdı. Özü də Prezident İlham Əliyev bu fikirləri tək Azərbaycan dilində deyil, istər rus, istərsə də ingilis dilində səlis şəkildə, peşəkarcasına ifadə edirdi.
Azərbaycanın bir dövlət kimi dünyada tanınması prosesi sürətləndi
Artıq bu gün Azərbaycanı və onun Prezidentini bütün dünya tanıyır. Azərbaycan Prezidentinin dünya liderlərinin hesablaşdığı bir siyasətçi kimi təqdim edilməsi də bunun bariz göstəricisidir... Mənim övladlarım məktəblidir. Ancaq buna baxmayaraq, siz biləsiniz ki, onlar necə böyük həvəslə ölkə başçısının çıxışlarını izləyirlər. Mən elə bu yaxınlarda Laçın Şəhər Günündə Prezidentin çıxışını xatırlatmaq istəyirəm. O, Laçına baxaraq dedi ki, əgər cənnət sözünün anlamı varsa, yəqin ki, Laçına bənzəyir. Bu çıxış mənim çox xoşuma gəldi. Dövlət başçısı bu sözlərlə yaratmış olduğu və yaratmağa, qurmağa davam etdiyi bir ölkənin gözəlliyini ifadə etdi. O, çox gözəl bir ölkə yaratmaq istəyir və yaradır. Mən çox sevinirəm ki, bizim gələcəyimiz, övladlarımız, nəvələrimiz çox gözəl bir ölkədə yaşayacaqlar. Bunu yaradan insan məhz İlham Əliyevdir.
- Prezidentin mədəniyyət sahəsinə olan diqqət və qayğısını necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin mədəniyyət sahəsinə və mədəniyyət xadimlərinə olan diqqət və qayğısını vurğulamaq yerinə düşür. Bilirsiniz ki, 2019-cu ilin martın 1-də dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü olmuşdu. Baxmayaraq ki, bu görüşün hər il olması nəzərdə tutulurdu, ancaq koronavirus pandemiyasına görə, təəssüf ki, baş tutmadı. Ümid edirəm ki, bu görüşlər yenidən bərpa olunacaq. Prezidentin mədəniyyət xadimləri ilə görüşləri, onları fəaliyyətlərinə görə təltif etməsi, görüşüb problemlərini dinləməsi mədəniyyət sahəsinə verdiyi dəyərdən və göstərdiyi diqqətdən irəli gəlir.
"Azərbaycan Prezidenti iqtisadiyyatı da çox gözəl bilir"
Azərbaycanın iqtisadi imkanları çox yüksəkdir. Bu gün Azərbaycana neftdən və qazdan gəlirlər gəlir. Bunların hər biri İlham Əliyevin iqtisadi siyasətinin nəticəsidir. İdman sahəsi də dövlət başçısının xüsusi diqqətindədir. Son dövrlərdə idman sahəsi olduqca inkişaf edib.
- İkinci Qarabağ müharibəsindəki zəfərimizə qədər məğlub ruhlu ədəbiyyat, sənət nümunələrinə daha çox rast gəlirdik. 44 günlük zəfərimiz hər şeyi dəyişdi. Necə düşünürsünüz, bundan sonra ədəbiyyat nümunələri necə yazılmalıdır? Ümumiyyətlə, tariximizə son 200 ildə ilk dəfə böyük zəfər bəxş etmiş sərkərdənin portreti necə olmalıdır?
- Bu, çox ciddi və vacib məsələdir. Bəzən ədəbiyyat və incəsənət nümunələrində bu obrazın layiqincə yaradılmadığının şahidi oluram. Məsələn, bəziləri mahnılarda ad çəkirlər. Mən belə şeylərə qarşıyam. Qalib sərkərdənin və Ali Baş Komandanın fəaliyyəti tarixi bir faktdır. Bu, onsuz da tarixdə qalacaq. Prezident İlham Əliyevin də fəaliyyəti və zəfəri artıq bir tarixdir. Bu, min illər sonra da danışılacaq. Minnətdarlığımızı doğru formada bildirməyi bacarmalıyıq. Bu qələbə və qalib sərkərdə obrazı isə xronika formasında tarixə əsaslanaraq kitablarda, sanballı filmlərdə əks etdirilməlidir. Bəzən mənə də müraciətlər olub ki, gəlin, İlham Əliyevə bir mahnı həsr edək, bununla bağlı mətnlər də təqdim edən olub. Mən razılaşmamışam. Məsələn, baxın, Arif Məlikov simfoniya yazdı və onu Heydər Əliyevə həsr etmişdi. Ancaq o simfoniyada Heydər Əliyev adı çəkilmirdi. Rəsm əsəri isə tam başqadır. Mən Sakit Məmmədovun Heydər Əliyevə həsr etdiyi portreti görmüşəm. İnana bilmirdim ki, bu portret əllə işlənib. Çünki o qədər dəqiq çəkilmişdi. Bəli, mən başa düşürəm ki, bu münasibətdir və uğurlu təsvirdir. Bax, bu cür olmalıdır qalib sərkərdənin təsviri. Dəqiq, tarixə əsaslanmış və sevgi ilə...