Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyinin xor kollektivi Naxçıvanda konsert proqramı ilə çıxış edib.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin konservatoriyasında təşkil olunan “Tək səs, tək ürək” adlı konsert proqramı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub.
Konsert proqramından öncə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtariyyətin 100 illiyi münasibətilə təşkil olunan konsertin qardaş Türkiyə ilə davamlı və mütəşəkkil dostuğun daha bir simvolu olduğunu bildirib.
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan xalqının Şimali Kipr Türk Respublikasına qarşı hər zaman sevgiylə yanaşdığını və qardaşlıq əlaqələrinin möhkəm, sarsılmaz bağlarla qurulduğunu bildirib. Orxan Həsənoğlu qeyd edib ki, mədəni, sosial-iqtisadi, ictimai, siyasi və təhsil sahələri başda olmaqla iki qardaş ölkə arasında çox səmimi münasibətlər var və Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti bu münasibətlərin mərkəzidir.
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Azərbaycanda ikinci, Naxçıvanda isə ilk olan səfərin bundan sonra da aparılacaq əməkdaşlıqda böyük körpü rolu oynayacağına əminliyini bildirib, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvan Muxtar Respubliaksının 100 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, Türkiyə Respublikasının daim Azərbaycanın yanında olduğunu bildirib.
Azərbaycanın Şimali Kipr məsələsinə daim dəstək verdiyini buldirən Asip Kaya 1997-ci ildə Bakıda Şimali Kipr Türk Konsulluğunun bu baxımdan böyük əhəmiyyətə malik olduğunu bildirib.
Çıxışların ardınca Şimali Kipr Respublikasının Çağdaş Musiqi Dərnəyinin Türk Klassik Musiqisi kollektivi rəngarəng ifalarla müsiqisevərlərin zövrünü oxşayıb.
Repertuarda yer almış klassik türk musiqisinin inciləri - “Sən uzaqlarda deyil damarımda qanımsan”, “Vida busəsi”, “Bülbülüm altın qəfəsdə”, “Mağusa limanı”, eləcə də Azərbaycan musiqisindən “Nazərdə sevgilim”, “Ay qız” kimi mahnılar iştirakçılar tərəfindən alqış sədaları ilə qarşılanıb.
Ersin Tünayın dirijorluğu ilə xor kollektivi sonda “Azərbaycan” mahnısını ifa edərək iştirakçılara çoşğulu anlar yaşadıb.
Konsert proqramının ardınca qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, “Tək səs, tək ürək” konserti 14 fevralda Bakıda Nizami kinoteatrında da musiqisevlərin qarşısında olacaq.