Yuxarı

Səfir: "Azərbaycanı və ABŞ-ı tolerantlıq və dözümlülük birləşdirir"

​Bakıda Amerika Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda Amerika Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə Azərbaycana akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi insanların yaxınlaşmasına, azərbaycanlıların Amerika adət-ənənələri ilə yaxından tanış olmasına kömək edəcək. Səfirin sözlərinə görə, həm Azərbaycanı, həm də ABŞ-ı bir çox ümumi xüsusiyyətlər, həmçinin tolerantlıq və dözümlülük birləşdirir.

Qeyd edək ki, Amerika Mədəniyyəti Günləri çərçivəsində martın 10-15-də Bakıda bir sıra tədbirlər, o cümlədən müxtəlif müsabiqələr, təqdimatlar və sərgilər təşkil olunacaq. Bu günlərdə Azərbaycan kinoteatrlarında uşaqlar üçün filmlər, ABŞ kinematoqrafının klassik nümunələri nümayiş olunacaq. Həmçinin "ABŞ-da təhsil" mövzusunda və İmam Xendinin "ABŞ müsəlmanlarının həyatı" təqdimatları keçiriləcək. 

Martın 11-də Bakı Amerika Mərkəzində ən yaxşı alma piroqu müsabiqəsi təşkil olunacaq. Martın 12-də Daniel MakQraf (Daniel McGrath) və Dana Turkoviçin "Təcrid otaqları" müasir incəsənət nümunələrinin təqdimatı keçiriləcək. ABŞ-dan bir neçə musiqi qrupu Bakıda və regionlarda konsertlər verəcək: Amerika yerli əhalisinin "Oklakhoma Fancy" rəqs qrupu tamaşaçılara milli-ritual rəqslər və musiqi fraqmentləri təqdim edəcək, Detroytdan "Sphinks" qrupu və "Break of Reality" rok violonçelistlər qrupu tamaşaçılara xoş anlar bəxş edəcəklər. Bakı ilə yanaşı, Amerika Mədəniyyət Günləri çərçivəsində tədbirlər Qəbələ, İsmayıllı, Sumqayıt, Quba, Şəki və Zaqatalada da təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi