"Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim məqamları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır".
"Report" xəbər verir ki, bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
"Danışıqlarda regionlararası əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Bu gün bizim şəhərlər və regionlar arasında birbaşa əlaqələr üçün geniş imkanlar yaradan saziş imzalanıb. Regionların birinci forumunu keçirməyi, ilk növbədə, ticarət, innovasiyalar, mədəniyyət, turizm sahələrində sıx əlaqələr yaratmağı planlaşdırırıq. Mədəni-humanitar sahədə də bizi qədimdən bağlayan ümumi cəhətlər çoxdur.
Biz azərbaycanlı dostlarımıza təşəkkür edirik ki, bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əsgər tərəfindən tərcümə edilmiş onlarca kitabı nəşr edilib. Özbəkistanda da Azərbaycan klassiklərinin və müasir yazıçılarının əsərləri müntəzəm olaraq nəşr edilir. Bu günlərdə Daşkənddə Azərbaycanın Xalq yazıçısı Anarın yeni kitabının təqdimatı keçirilib. Hörmətli İlham Heydər oğlu ilə danışıqlar zamanı biz qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, humanitar və turizm mübadiləsi proqramının fəal inkişafı barədə razılığa gəldik", - Şavkat Mirziyoyev vurğulayıb.