Noyabrın 12-də Rusiyanın Dövlət Ermitajının Baş qərargahının binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” («Незримое искусство. Расширяя границы возможного») adlı inklüziv sərginin açılışı keçirilib.
Azərbaycan Milli Xalça Muzeyindən (AMXM) “Report”a verilən məlumata görə, layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə keçirilir.
Əsasən görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş bu inklüziv layihənin muzey təcrübəsində tətbiq olunan bir sıra yenilikləri bütün kateqoriyalı ziyarətçilər üçün də maraqlı olacaq. Belə ki, artıq muzeydə eksponatla tamaşaçı arasındakı “Əllərinizlə toxunmayın!” qadağasına əsaslanan maneə aradan qaldırılır. Vizual təəssüratları taktil üsulla tamamlamaq üçün bu eksponatlara əllə toxunmaq olar və lazımdır (pandemiya ilə bağlı tələbləri nəzərə alaraq, ziyarətçilər birdəfəlik əlcəklərlə təmin olunur).
Sərgidə Leyden kolleksiyasında (ABŞ) qorunub-saxlanılan Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli təqdim olunur. Model ilk dəfə 2018-ci ildə Ermitajda “Rembrandt və Vermeer epoxası. Leyden kolleksiyasının şedevrləri” sərgisində ictimaiyyətə təqdim olunmuşdur. Sərginin digər bölməsi Ermitajda qorunub-saxlanılan Pəncikəndin məşhur freskalarına həsr olunub. Belə ki, inklüziv sərgi üçün bu freskalar əsasında hazırlanmış taktil barelyeflər və onların animasiya edilmiş süjetləri hazırlanıb.
Layihənin mühüm hissəsini Altayda “Pazırıq” kurqanından tapılmış tekstil fraqmentlərinin xalçaçılıq texnikalarında hazırlanması oldu. Eksponatların bir hissəsi – yurta üçün keçə örtüyü fraqmentinin replikası Sankt-Peterburq mütəxəssisləri tərəfindən hazırlanıb. Layihənin digər hissə isə – dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində yaradılıb.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov təmsil ediblər. Sərginin açılışı pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə baş tutub.
Sərgini açarkən Dövlət Ermitajın direktoru Mixail Piotrovski layihə haqqında məlumat vermiş, əməkdaşlığa görə AMXM-nə təşəkkürünü bildirmiş və sərgidə nümayiş olunan eksponatlardan biri – Pazırıq kurqanındakı yurta örtüyünün atlı və ilahi təsviri olan keçə fraqmentinin taktil nümunəsini Bakı muzeyinə hədiyyə etmişdir. Bütün eksponatların mobilliyini qeyd edən M.Piotrovski onların yaxın gələcəkdə bu muzeyin artıq ənənəsinə çevrilmiş Ermitaj Günlərində dünyanın bir sıra ölkələrində nümayiş etdiriləcəyini bildirib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərginin açılışında çıxış edərkən qeyd edib ki, 2019-cu ildə AMXM təqdim etdiyi görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş “Sərhədsiz muzey” layihəsi Azərbaycanın muzey işində inklüziv istiqamətdə inkişafın flaqmanına çevrilib. O, bildirib ki, AMXM-nin eksperimental laboratoriyasının mütəxəssisləri əsas kimi özündə xovlu və xovsuz toxumanı birləşdirən qədim texnologiyanı istifadə ediblər. Bu texnologiya əsasında bir neçə il əvvəl taktil təəssürat üçün əlçatan olan relyef replikalarının yaradılması işlənib hazırlanıb. 2019-cu ildə bu layihənin təqdimatında UNESCO proqramı çərçivəsində Bakıya ustad dərslər keçmək üçün gəlmiş Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkiel də iştirak edib. O, bu layihədən ilhamlanıb, öz muzeyində bu barədə danışmış, bunun sayəsində bu əməkdaşlıq yaranıb. İ.Malkiel Ermitajın bu layihəsinin kuratorudur. Ermitajın laboratoriyasında Pazırıq xalçası üçün rəng şkalası hazırlanıb, AMXM-nın laboratoriyasında isə müəyyən çalarda yun seçilmiş və iplər təbii boyalarla boyanıb. Bundan sonra AMXM-nin Ənənəvi texnologiya şöbəsində fraqmentlərin çeşniləri yaradılıb və onların əsasında məşhur Ermitaj eksponatının taktil replikaları toxunub.
“Cartier” fransız Zərgərlik-Saat Evinin Rusiya və MDB ölkələrində marketinq və kommunikasiya üzrə direktoru Sergey Vladimiroviç Xiruntsev çıxışında qeyd etdi: “Biz şadıq ki, Dövlət Ermitajı insanların fiziki vəziyyətindən asılı olmayaraq dünya incəsənəti şedevrlərinin onlar üçün əlçatan olmasını təmin etmək imkanlarını axtarmaqda davam edir. Və bu, Cartier evinin dəyərlərinə və öhdəliklərinə tamamilə uyğundur. Bu təşəbbüsün bir hissəsi olmaq bizim üçün misilsizdir”.
Sərgi dekabrın 12-dək davam edəcək.