Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub

Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub Latviyanın paytaxtı Riqada Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Şuşa ili” çərçivəsində latış dilində “Şuşa – Azərbaycanın incisi” kitabının təqdimat mərasimi olmuşdur.
Mədəniyyət siyasəti
23 Dekabr , 2022 22:38
Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub

Latviyanın paytaxtı Riqada Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Şuşa ili” çərçivəsində latış dilində “Şuşa – Azərbaycanın incisi” kitabının təqdimat mərasimi olub.

"Report" xəbər verir ki, Latviya Milli Kitabxanasında keçirilən tədbiri giriş nitqi ilə açan Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov qeyd edib ki, bu, ikitərəfli humanitar əlaqələrin inkişafına mühüm töhfədir.

Səfir bu kitabın Azərbaycanın Şuşa şəhərinin, eləcə də Qarabağın zəngin mədəniyyətinə və qədim irsinə diqqət cəlb edəcəyinə əminliyini ifadə edib.

E.Sultanov vurğulayıb ki, işğal dövründə şəhərdə yüzlərlə tarix və mədəniyyət abidəsi vandalizm aktları nəticəsində dağıdılıb. O, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra şəhərin əsl tarixi simasını bərpa etmək üçün nəhəng layihələrin həyata keçirilməyə başladığını bildirib.

Tədbirdə kitabın müəllifləri - bu yaxınlarda Şuşaya səfər etmiş Latviya Universitetinin professoru Kaspars Klavinş, o cümlədən professor Elçin Əhmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanova da iştirak ediblər.

Professor K.Klavinş Şuşanın incəsənət və musiqi xəzinəsi olduğunu, onun bir çox başqa mədəniyyətlərə təsir etdiyini qeyd edib.

Latviya Rəssamlıq Akademiyasının prorektoru, professor Andris Vitolins Şuşaya səfəri zamanı təəssüratlarından, o cümlədən şəhərin işğal zamanı dağıdılmış tarixi memarlıq abidələrindən danışıb.

Kitabın təqdimatında Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Seymin üzvləri, dövlət strukturlarının, diplomatik korpusun nümayəndələri, Latviyanın tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər. Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin təamları, o cümlədən məşhur Qarabağ kətəsı təqdim olunub.

Qeyd edək ki, kitabda şuşalıların həyat tərzi, sənətkarlıq, atçılıq, xalçaçılıq, eləcə də musiqi ənənələri öz əksini tapıb. Kitabın ayrıca bölməsi Şuşa şəhərinin erməni işğalından əvvəl və sonrakı tarixi abidələrinə, dağıdılmış tikililərin bərpasına dair nümunələrə həsr olunub. Bununla yanaşı, kitabda Şuşanın 100 məşhur sakinindən bəhs edilir.

Son xəbərlər

Orphus sistemi