Qobustan Milli Tarixi-Bədii Qoruğundakı elmi-tədqiqat işləri ilə bağlı mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Qobustan Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev və ispaniyalı mütəxəssis Manuel Rodrigez iştirak edib.
V.İsayev qoruqda aparılan son tədqiqat işlərindən danışıb. Onun sözlərinə görə, hazırda davam edən layihə 2019-cu ildən planlaşdırılıb: "Lakin koronavirus pandemiyası arada fasilələr verməyimizə səbəb oldu. Amma bu il sırf bu layihə istiqamətində böyük işlər gördük. Nəticədə Qobustan qoruğunun Böyük Daş dağının yuxarı ətrafında elmi-arxeoloji tədqiqatlar apardıq. Həmin ərazidə yerləşən Anazağa düşərgəsində ən son elmi-arxeoloji araşdırma ötən əsrin 60-70-80-ci illərində aparılıb. Tədqiqatlarımız nəticəsində burada 4-8 yaşlı uşağa məxsus ayaq sümüklərini aşkar etdik. Bu sümüklər, təqribən, mezolit dövrünə aiddir".
Qoruq direktoru sözügedən tədqiqat işlərinin əziyyətli tərəflərindən də söz açıb, qoruğun turistik məkan olması ilə yanaşı həm də Azərbaycan elminə töhfələr verən məkan olduğunu vurğulayıb.
M.Rodrigez çıxışında İtaliya, İspaniya və azərbaycanlı mütəxəssislərin qoruqda müştərək çalışmasının çox yaxşı hal olduğunu bildirib: "Mən bu müştərək fəaliyyətdən zövq aldım. Anazağa mağarasının cənub divarlarında apardığımız araşdırma-tədqiqat işləri bizə bu ərazi haqqında yeni bilgilər aşıladı. Ərazidə həmçinin neolit dövrünə aid mədəni təbəqələr aşkar etmişik. Bu təbəqə bizə aydın etdi ki, ərazidə maldar tayfaları yaşayıb. Biz güman edirik ki, həmin sümük qalıqlarının digər qismi 70-ci illərdə aparılan araşdırma zamanı tapılıb. Güman ki, sümüklərin aşkarlandığı yer, 10 min il əvvələ aiddir. Son olaraq qeyd etmək istəyirəm ki, bu, sadəcə ilkin mərhələdir. Növbəti mərhələdə daha geniş tədqiqatlar aparılacaq, labaratoriya analizləri olunacaqdır".