Bakı. 1 oktyabr. REPORT.AZ/ Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğuna direktor təyin olunub.
O, bu gün kollektivə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan qoruğunun Azərbaycan tarixindəki mövqeyi, ölkənin qədim yaşayış məskəni kimi təbliğ olunmasında əhəmiyyətindən danışıb.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək Nazirlik daxilində aparılan islahatlara toxunub. O bildirib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyəti Nazirlik tərəfindən diqqətdə saxlanılır: "Qoruğun ölkəyə gələn xarici qonaqların həmişə marağında olduğunu nəzərə alaraq xidmət səviyyəsi daha da artırılmalıdır".
Yeni təyinata toxunan nazir müavini R.Bayramov deyib ki, Vüqar İsayevin qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcəyinə ümidvardır.
Sonda çıxış edən Vüqar İsayev ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirərək, qarşıya qoyulan məqsədlər üçün çalışacağını diqqətə çatdırıb.
Qeyd etdi ki, Vüqar İsayev bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışıb. Belə ki, o, buna qədər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.