Bakı. 26 iyun. REPORT.AZ/ Qazaxıstanın Qaraqanda şəhərində Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin "Qafqaz əsiri" operettasının premyerası keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, əsər R.Hacıyevin anadan olmasının 95 illiyinə həsr edilib. Tamaşanın rejissoru Azərbaycanın əməkdar artisti Əli Usubovdur.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Azərbaycan mədəniyyətinin türk dünyasında təbliği üçün bundan sonra da belə tamaşalar ölkənin müxtəlif şəhərlərində səhnələşdiriləcək.
Qaraqanda Akademik Musiqili Komediya Teatrının səhnələşdirdiyi premyera tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Qaraqanda şəhərində ilk dəfə nümayiş etdirilib.