Qarabağ xalçaları Moskvada nümayiş etdirilir

Qarabağ xalçaları Moskvada nümayiş etdirilir “Azərxalça” ASC-nin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada "Xalq Təsərrüfatı Nailiyyətləri" sərgisi çərçivəsində “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi açılıb.
Mədəniyyət siyasəti
22 Fevral , 2022 15:40
Qarabağ xalçaları Moskvada nümayiş etdirilir

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada Azərbaycan günləri başlayıb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.

Bu çərçivədə fevralın 21-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.

“Azərxalça” Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunan sərgidə “Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilir. Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən eksklüziv xalçalar “Azərxalça”nın yaradıcı kollektivinin Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovla iş birliyinin məhsuludur.

“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, sərgilənən xalçaların hamısı Qarabağ məktəbinə aiddir. Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik. Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın nümunələrini görürsünüz. Bu xalçalar Qarabağ məktəbinə aid “Qasımuşağı” qrupu xalçalarının əsasında rəssam Rəşad Ələkbərovun dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi olaraq 44 sayda xalçadan ibarətdir.

“Azərxalça”nın İdarə Heyətinin sədri əlavə edib ki, ekspozisiyada, həmçinin “Qarabağ” qrupuna aid məşhur “Əjdahalı” xalçalar da yer alıb. E.Məmmədov deyib: “Burada məşhur “Əjdahalı” xalçalarımız müasir görünüşdə sərgilənir. Bizim əsas məqsədimizdən biri də müasir Azərbaycan xalçalarını tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclara çıxarılsın”.

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun daha bir layihəsi - dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən dilə” ədəbiyyat layihəsi təqdim edilir. Layihə çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən parçalar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi