Bakı. 17 mart. REPORT.AZ/ YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adlarını rəsmi açıqlayıb.
“Report”un YUNESKO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, namizədlər arasında Polad Bülbüloğlu (Azərbaycan), Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Hamad Bin Əbdüləziz Al-Kavari (Qatar), Tsyan Tan (Çin), Xuan Alfonso Fuentes Soria (Qvatemala), Saleh Al-Hasnavi (İraq), Vera El-Huri Laköy (Livan) və Odri Azule (Fransa).
Baş direktor İcraiyyə Şurasının təqdimatı ilə Baş Konfrans tərəfindən 4 il müddətinə təyin edilir. 9 namizəd aprelin 26-27-də baş tutacaq İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibədən keçəcəklər.
İcraiyyə Şurası tərəfindən təqdim edilmiş namizəd Şuranın oktyabr ayında keçiriləcək 202-ci sessiyasında gizli səsvermə yolu ilə seçiləcək. Sonra YUNESKO-nun İcraiyyə Şurasının sədri seçilmiş namizədi noyabrda keçiriləcək Baş Konfransın 39-cu sessiyasında təqdim edəcək. Baş Konfrans namizədliyi nəzərdən kecirəcək və gizli səsvermə aparacaq.