Orta əsrlərdən günümüzədək olan hərb tarixi: Litvadakı Böyük Müharibə Muzeyindən - REPORTAJ

Orta əsrlərdən günümüzədək olan hərb tarixi: Litvadakı Böyük Müharibə Muzeyindən - REPORTAJ Litvanın mühüm əhəmiyyətli şəhərlərindən biri də ölkənin mərkəzi hissəsində yerləşən və ikinci ən böyük şəhəri olan Kaunasdır. Təxminən 400 min əhalisi olan şəhər Neman və Neris çaylarının qovuşduğu yerdə, Litvanın paytaxtı Vilnüsdən təxminən 100 kilometr
Mədəniyyət siyasəti
28 İyul , 2023 14:54
Orta əsrlərdən günümüzədək olan hərb tarixi: Litvadakı Böyük Müharibə Muzeyindən - REPORTAJ

Litvanın mühüm əhəmiyyətli şəhərlərindən biri də ölkənin mərkəzi hissəsində yerləşən və ikinci ən böyük şəhəri olan Kaunasdır. Təxminən 400 min əhalisi olan şəhər Neman və Neris çaylarının qovuşduğu yerdə, Litvanın paytaxtı Vilnüsdən təxminən 100 kilometr qərbdə yerləşir. Əsasən, tələbə şəhəri kimi tanınan Kaunas çoxlu sayda universitetə ev sahibliyi etməklə yanaşı, həm də tarixi tikililəri ilə məşhurdur. Çünki buranın Litva Böyük Hersoqluğunun paytaxtı kimi xidmət etdiyi orta əsrlər dövrünə qədər uzanan zəngin bir tarixi var. Ona görə də şəhər bu gün ölkənin elmi, mədəni və iqtisadi sferasında böyük rol sahibidir.

Şəhərin ən mühüm tikililərindən biri Kaunas qalasıdır. Qala ilk olaraq XIV əsrin ortalarında Litvanın Böyük Hersoqu Kestutisin göstərişi ilə Neman və Neris çaylarının strateji birləşməsini möhkəmləndirmək üçün tikilib. Qotik memarlığı nümunəsi olan qala qırmızı kərpicdən hörülüb və inşasında əsas məqsədi şəhəri və ətraf bölgəni işğalçı qüvvələrdən qorumaq olub, yəni bir müdafiə quruluşudur. Qalanın tərkibində müdafiə divarları, qüllələr və daxili həyət var. Qüllələr tarixən müdafiəçilərə yaxınlaşan düşmənləri görməyə və dərhal müdafiə tədbirləri həyata keçirməyə imkan verən müşahidə nöqtələri kimi istifadə edilib.

Əsrlər boyu bu müdafiə istehkamı müharibələr və təbii fəlakətlər nəticəsində dəyən ziyana görə bir neçə dəfə təmir və yenidənqurma işlərinə məruz qalıb, indiki görünüşünü XX əsrdə aparılan bərpa işləri nəticəsində qazanıb. Lakin son əsaslı yenidənqurma işi 2010-2011-ci illərdə həyata keçirilib. Kaunas qalası bu gün şəhərin tarixinin simvoluna çevrilib. Bura həm Kaunasın orta əsr köklərini təmsil edir, həm də Litva Böyük Hersoqluğunun əzəmətini xatırladır. Bu gün Kaunas qalası tarixi muzey və məşhur turistik məkan kimi fəaliyyət göstərir. Qalanın Neris çayının sahilində yerləşməsi ziyarətçilərə ətrafın gözəl mənzərəsinə tamaşa etmək imkanı da verir. Düzü, mən ziyarətim zamanı elə sahildə dayanıb yaşıllığı, gözoxşayan mənzərəni izləməkdən daha çox zövq aldım.

Qəsrin yaxınlığında yerləşən və onun kimi şəhərin zəngin tarixinə şahidlik etmiş başqa abidə isə Qədim şəhərə gözəllik qatan Kaunas kafedral bazilikasıdır. Müqəddəs Pyotr və Pavel kafedralı kimi də tanınan kilsənin tikildiyi dəqiq tarix məlum olmasa da, adına ilk dəfə XV əsr yazılı mənbələrində rast gəlinib. Ancaq kilsənin tam inşası XVII əsrdə başa çatıb. Lakin binanın müasir görüntüsü 1800-cü ildə aparılan yenidənqurma zamanı yaradılıb. Kilsə kafedral statusunu 1895-ci ildə, bazilika titulunu isə 1926-cı ildə alıb. Kərpicdən tikilən kafedralın xarici görünüşü çox ehtişamlı olmasa da, interyeri mürəkkəb dekorlar, freskalar, bəzəkli mehrabı və dini sənətkarlıq nümunələri ilə olduqca təsirlidir. Kaunas bazilikası 28 metr hündürlüyü və 84 metr uzunluğu ilə bu gün Litvanın ən böyük qotik kilsəsidir. Lakin əsrlər boyu təmir və genişləndirməyə məruz qaldığı üçün hazırda müxtəlif üslubları özündə cəm edir. Belə ki, interyerdəki sivri və qabırğa görünüşlü tağlar qotik memarlıq elementləri olsa da, XVII əsrdə əlavə edilən dekorativ elementlər intibah memarlığı nümunəsidir. Həmçinin fasad və interyer təmtəraqlı bəzəklər, heykəllər barokka memarlıq çalarlarıdır ki, bu hissəciklər kilsəyə zənginlik qatır. Kaunas kafedralı bu gün ictimaiyyətə açıqdır. Bura dini və turistik məkan olmaqla yanaşı, həm də şəhərdə müəyyən mərasimlərin təşkil edildiyi bir yerdir.

Kaunasda mütləq görülməli olduğunu düşündüyüm mədəniyyət mərkəzi isə Vitovt adına Böyük Müharibə muzeyidir. Muzey ilk dəfə 1921-ci ildə açılsa da, hazırkı məkan 1936-cı ildən fəaliyyət göstərməyə başlayıb. Buranı yaratmaqda əsas məqsəd Litvanın hərb tarixini, irsini qorumaq və nümayiş etdirmək olub. Eksponatlar müxtəlif dövrləri, o cümlədən orta əsrlər dövrü, Litva Böyük Hersoqluğu, I Dünya müharibəsi, II Dünya müharibəsi və Litva tarixinin daha yeni hadisələrini əhatə edir. İki mərtəbədən ibarət olan binada bir neçə zal və kolleksiya mövcuddur. Birinci mərtəbənin ən gözalıcı hissəsi Litva pilotları Steponas Daryus və Stasisa Girenasın 1933-cü ildə Atlantik okeanı üzərindən keçdiyi “Lituanica” təyyarəsinin nümayiş olunduğu zaldır. Burada həm də döyüş maşınlarını görmək mümkündür. Digər bir zal isə muzeyin adını daşıdığı Litva tarixinin ən məşhur hökmdarlarından olan Böyük Vitovtun həyatına və nailiyyətlərinə həsr edilib. Burada onun fəthləri, mədəni töhfələri və diplomatik səyləri haqqında məlumat verilir. Elə bu zalın yanında yerləşən ikinci ən maraqlı hissə isə tarixi silah kolleksiyasının nümayiş olunduğu otaqdır.

Burada müxtəlif dövrlərə aid tarixi silah və hərbi texnikanın geniş kolleksiyası var. Otaq hesabına Litva əsgərlərinin əsrlər boyu istifadə etdikləri silahlar və zirehlərlə tanış olmaq mümkündür. Bundan başqa, muzeydə dünya müharibələrinə dair eksponatlar da var ki, həmin hissə Litvanın həm Birinci Dünya müharibəsində, həm də İkinci Dünya müharibəsindəki rolunu ehtiva edir, ölkənin müstəqillik uğrunda apardığı mübarizə haqqında məlumat verilir. Muzeyin həyətində isə XIX-XX əsrlərdə Litvaya təsir etmiş litvalı hərbi rəislərin və mədəniyyət nümayəndələrinin ondan çox heykəli yerləşdirilib. Ancaq buradakı ən məşhur heykəl Azadlıq heykəlidir. Bu muzeydən sonra şəhərdə maraqla qarşılayacağınız digər bir mərkəz Tadas İvanauskas adına Zooloji muzeyi ola bilər.

Ziyarət zamanı ən çox vaxt keçirdiyim və zövq aldığım bu yer görkəmli litvalı zooloq və bioloq Tadas İvanauskasın adını daşıyır. Baltikyanı ölkələrin ən qədim və əhəmiyyətli zooloji muzeylərindən biridir. Muzey ölkənin faunasının öyrənilməsinə və qorunmasına həsr olunub. Buranın məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar, balıqlar, həşəratlar və onurğasızlar daxil olmaqla müxtəlif və geniş nümunələr kolleksiyası var. Sözügedən kolleksiyalar isə illər ərzində aparılan tədqiqatlar, sahə işləri və ianələr vasitəsilə yaradılıb. Muzey həm də elmi tədqiqat mərkəzidir. Ona görə də Litva faunası və biomüxtəlifliyinin dərk edilməsinə töhfə verir. Alim və tədqiqatçılar tədqiqat aparmaq və muzeyin geniş kolleksiyasından öz işləri üçün istifadə etmək imkanına sahibdirlər. Yolunuz Kaunasdan düşsə, fikrimcə, buraya mütləq baş çəkməlisiniz.

Son xəbərlər

Orphus sistemi