Uzun illərdir ABŞ-nin Nyu-York şəhərinin Bruklin əyalətində fəaliyyət göstərən “Baku Palace” (Bakı Sarayı-red) restoranı sadəcə həmyerlilərimizin deyil, amerikalıların da tez-tez ziyarət etdiyi məkanlardandır. İyirmi üç il öncə qapılarını açan və ABŞ-də yerli sakinlərə, Nyu-Yorkda yaşayan müxtəlif xalqların nümayəndələrinə Azərbaycan mətbəxinin ləziz təamlarını təqdim edən restoran bu gün də populyarlığını qoruyub saxlayır. Xoş ab-havası və təmtəraqlı görünüşlü restoran Nyu-Yorkda fəaliyyət göstərən bir çox ictimai-iaşə obyektlərindən fərqlənir. Restoranın içi Azərbaycandan gətirilmiş atributlar və digər əşyalarla bəzədilib. Buranın sahibi Eldar Sultanov bir vaxtlar Bakının tanınmış cərrahlarından olub. Onunla elə “Baku Palace” restoranında həmsöhbət olduq:
- Necə oldu ki, Amerikaya köçməyə qərar verdiniz?
- Uzun illər Bakıda, 5 saylı Şəhər Klinik Xəstəxanasında cərrah işləmişəm. Bir xəstəmin müalicəsi ilə məşğul idim. Artıq vəziyyət elə həddə çatmışdı ki, ona Azərbaycanda tam sağalması üçün zəruri tibbi yardım edə bilmədik. Pasiyenti əvvəlcə İstanbuldakı Amerika xəstəxanasına, oradan isə ABŞ-yə, Nyu-Yorka apardım. İki ay Nyu-Yorkda qaldıqdan sonra Bakıya qayıtdım. Altı ay sonra yenidən Nyu-Yorka qayıtmağı və özümü burada sınamağa qərar verdim. Bu, 1997-ci ilə təsadüf edir.
ABŞ-yə gəldiyim ilk gündən elə Nyu-Yorkda fəaliyyət göstərən “Baku Palace” restoranında çalışmağa başladım. Ötən 27 ildə ancaq bir ictimai iaşə obyektində çalışdım, o da “Baku Palace” restoranı oldu. Həmin vaxtlar övladlarımdan birinin 9, digərinin 12 yaşı var idi. İki il sonra ailəmi bura gətirə bildim. Ailəmi dolandırmaq, övladlarımı oxutmaq üçün peşəmin, sevə-sevə çalışdığım və böyük əmək sərf etdiyim həkimliyin dalınca gedə bilmədim. Çünki Amerikada həkim olmaq üçün mütləq təhsilimi davam etdirməli idim, bunun üçünsə illər lazım idi. Düşündüm ki, Allah mənə yeni başlanğıc veribsə, bunu ailəm üçün istifadə etməliyəm.
“Baku Palace” indi Bruklində digər xalqların nümayəndələrinin inşa etdiyi restoranlardan ən böyüyüdür. Restoranda eyni anda 500-dən çox qonaq qəbul etmək olur.
- “Baku Palace” restoranının yaranma tarixi necə olub?
- Restoranın qurucularından biri Ukrayna yəhudisi, digəri isə Azərbaycan yəhudisi Mikayıl Davudov olub. Restoran açılışının qarşısının alınmasına çox cəhdlər edilib. Xatırlayıram, 2002-2003-cü illərdə senator səviyyəsində xəbərdarlıq gəldi ki, nə qədər, buradayıq, restoran açılmayacaq. Onların kim olduğunu və bizi niyə maneələrlə üz-üzə qoymalarının səbəbi indi də qaranlıqdır. Ancaq onu deyə bilərəm ki, böyük təzyiqlərlə və əziyyətlərlə üzləşdik.
- Mətbəxinizdə Azərbaycanın hansı yeməkləri var və daha çox tələbat hansı təamlaradır?
- Ən çox bəyənilən yeməklərimiz kabab, qutab və dolmadır. Mətbəximizdə daha çox Azərbaycanın zəngin və ləziz yeməklərinə yer verilir. Ancaq bundan başqa qonaqlarımıza bir çox xalqların və ölkələrin mətbəxindən də ləziz yeməklər təqdim edirik. Bəzi ərzaqlarımızı, mürəbbələri, kompotları və çayları Bakıdan gətiririk. Ət və balığı isə buradan alırıq.
Qonaqlarımız daha çox rusdilli yəhudilərdir. Son vaxtlar Nyu-Yorka köçən özbəklər, taciklər, türkmənlər, gürcülər toylarını və digər mərasimlərini “Baku Palace” restoranında edirlər. Onlarla yanaşı amerikalı qonaqlarımız da az deyil. Onlar da toylarını, mərasimlərini burada edirlər.
- “Baku Palace” restoranının qonaqları arasında hansı məşhurlar olub?
- Ötən illər ərzində “Baku Palace” restoranına onlarla məşhur insanı qonaq etmişik. Təkcə Nyu-Yorkdan deyil, ABŞ-nin müxtəlif şəhər və ştatlarında yaşayan və bura sadəcə Azərbaycan mətbəxini dadmaq üçün gələn xeyli sayda amerikalı var. Hətta keçmiş dövlət katibi Hilları Klinton da qonağımız olub. İyirmi üç ildə o qədər maraqlı hadisələrlə qarşılaşmışam ki, bilmirəm hansını danışım.
- Həmyerlilərimiz necə, “Baku Palace” restoranını tez-tez ziyarət edirlərmi?
- Əlbəttə, Azərbaycan yeməkləri üçün darıxan hər kəs özünü “Baku Palace” restoranında tapır. Ancaq onu da deyim ki, restoranın qiymətləri Bakıdan ABŞ-yə yeni köç edənlərin büdcələrinə uyğun olmaya bilər.
- “Baku Palace”i Nyu-Yorkdakı digər restoranlardan fərqləndirən nədir?
- Restoranımızda digər heç bir ictimai iaşə obyektində olmayan özəl üsuldan istifadə edilir. Belə ki, mətbəximizdə kömürdən istifadə edə bilirik. Kömür ətlərə və yeməklərə xüsusi dad verir. Kömürdə bişən yeməklərin dadı digərlərindən çox fərqlidir. Kömürdən istifadə üçün icazə almaq üçün üç il mübarizə apardıq, ancaq əziyyətimiz müsbət nəticə verdi. Bunun üçün xeyli vəsait də xərclədik.
- “Baku Palace” restoranı sizin üçün nə ifadə edir?
- Bakı mənim keçmişim, cavanlığım, tələbəlik illərimdir. Bakının ab-havası başqadır. İnanmıram ki, xaricdə yaşayan azərbaycanlılardan kimsə Bakı üçün darıxmasın. Məqsədim burada Bakını yaşatmaq, onun ruhunu Nyu-Yorkda qorumaqdır.
- Gələcək planlarınız?
- İstəyirik əvvəlcə restoranı genişləndirək. Ən böyük arzularımdan biri də odur ki, Azərbaycandan peşəkar aşpazları tapıb gətirək. Bunun üçün əvvəllər çox cəhd etdik, ancaq alınmadı. Çox vaxt viza problemləri ilə qarşılaşdıq, digər tərəfdən gətirdiyimiz bəzi aşpazlar burda özlərini tapa bilmədilər. Aşpaz məsələsində çox çətinlik çəkirik. Əlbəttə, peşəkar aşpazlarla Azərbaycan mətbəxini daha yaxşı təqdim edə bilərik.
- Uzun illər bu ölkədə bir çox əziyyətlərdən keçib, nəhayət, böyük uğurlar qazanan bir iş adamı kimi Amerika arzusu ilə bura gələn gənclərə məsləhətiniz nədir?
- Mən onu deyə bilərəm ki, Amerikaya qarşısına məqsəd qoyub gələn hər kəs bu məqsədə gec və ya tez nail olur. Bu ölkə sizə heç kimdən güc almadan fərqli qapılar açır. Buranı dünyanın digər ölkələrindən fərqləndirən odur ki, peşələrdə bir sərhəd yoxdur. Hər şey insanın öz əlindədir və insan mütləq zəhmətinin qarşılığını alır. Məsləhətim odur ki, çalışın heç vaxt keçmişinizi yaddan çıxarmayın. Başqa bir cəmiyyətdən bura düşən insan keçmişini yaddan çıxartsa, itib-batacaq. Nə olur olsun, Vətənlə bağ qopmamalıdır. Əgər keçmişi yaddan çıxarıb, bağları qoparacaqlarsa, heç bu ölkəyə gəlməyin mənası yoxdur. Mən bunu əminliklə deyirəm. Çünki sən kökünü unudub, öz keçmişinə hörmət etmirsənsə, burada heç kim sənə hörmət etməyəcək. Cavan yaşlarda bu, bəlkə də o qədər gözə batmayacaq, ancaq yaşlılıq insanı bu ölkədə tamam fərqli mənzillərə aparır.
Bu ölkənin ən böyük məsələsi ailələrdə olan sosial problemlərdir. 16 yaşından sonra uşaqlar valideynləri ilə bağları qoparıb fərqli yerlərə köçüb gedirlər. Ata və ana tək bir çatının altında qalır. Onlar yaşlanandan sonra uşaqlar valideynləri ilə bütün bağları qoparır. Əgər vaxtında o uşaqlar öz keçmişlərindən, köklərindən xəbərsiz böyüyürlərsə, ailələri ilə bağları qopur və həmin valideynlərin sonu kimsəsizlər evi olur. Mənim ailəmdə hər kəs Azərbaycan dilində danışır. Nəvələrim Nyu-Yorkda Türk dilli məktəblərində təhsil aldılar. Yaşları az olmasına baxmayaraq, Azərbaycan dilində mükəmməl danışırlar. İllər və məsafələr mənim Azərbaycanla bağlarımı qopara bilmədi, daha da gücləndirdi.
Vətən müharibəsində qazandığımız zəfər kimliyimi daha da gücləndirdi. Mən həmişə bu sözü demək istəmişəm və indi sizə deyirəm ki, bu qələbədən sonra mənim yerişim dəyişdi. Artıq daha qamətli və möhkəm addımlarla yeriyirəm. Vətən insanın ürəyindədir, onu oradan heç kim çıxara bilməz. Vətən anlayışı saxta ola bilməz. Sən Amerikada yaşayıb, Amerikanı Vətən kimi qəbul edə bilərsən, ancaq o Vətənin kökü sənin ürəyindədir. Onu dəyişmək mümkün deyil. Sənin Vətənin anadan olduğun yerdir. Tez-tez Bakıya gedirəm, Bakı mənim üçün hər şeydir. Anamın, atamın məzarı oradadır, dostlarım və sevdiklərim yaşayır Bakıda. Düzdür, işə görə çox qala bilmirəm, ancaq Bakıya gedib-gəlmək mütləqdir.