Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub.
Nəsimi Festivalının nümayəndə heyəti bu günlərdə təşkilatın Lissabonda keçirilən III İncəsənət Festivalları Sammitində iştirak edib. Toplantıya ümumilikdə 45 ölkədən 230 festival və şəhərin nümayəndə heyətləri qatılıb.
Assosiasiyaya Nəsimi Festivalı ilə yanaşı 6 ölkənin - Ukrayna, Portuqaliya, İspaniya, İtaliya, İsveç və Rusiyanın təşkilatçısı olduğu 9 festival da yeni üzv olub. Daha iki festival isə quruma fəxri üzv qəbul edilib.
Avropa Festivallar Assosiasiyası 1952-ci ildən Avropa və onun sərhədlərindən kənar musiqi, rəqs, teatr və multidisiplinar incəsənət festivallarını birləşdirir. Təşkilatın missiyası üzv festivalları Avropa və dünya miqyasında birləşdirmək və təmsil etməklə Avropanın incəsənət həyatına töhfə verməkdir. Qurum sənət festivallarının mühüm platforması kimi çıxış edir.
Qeyd edək ki, Azərbaycanda ilk Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı 2018-ci ildə 27-30 sentyabr tarixlərində keçirilib. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.