Bakı. 12 yanvar. REPORT.AZ/ “Prezident
“Report” xəbər verir ki, bunu AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, deputat
Onun sözlərinə görə, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək: “UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir. Bizim üçün 2019-cu ilin Nəsimi ili elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir”.
İnstitut direktoru vurğulayıb ki, onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur: “Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanı idi. Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası - azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır”.
“Düşünürəm ki, Prezident tərəfindən 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə Nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Həmçinin Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqa, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bu kimi qərar ölkədə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür”, - deyə o qeyd edib.