Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun anadan olmasından 152 il ötür. Onun doğulduğu Tbilisi şəhərində xatirəsinin yaşadılması məqsədilə 2017-ci ildə muzey açılıb.
Görkəmli xadimin Tbilisidə ev-muzeyi vaxtilə Mirzə Şəfi Vazeh küçəsi 46 ünvanında, ata-baba mülkündə mövcud olub. 1996-cı ildə bu tikilidə yaradılan ev-muzeyi bir müddət fəaliyyət göstərib. Mədəniyyət ocağının olduğu tikili 2008-ci ildə sökülüb. N.Nərimanovun xatirə muzeyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə inşa olunub.
“Report”un Gürcüstan bürosunun əməkdaşları muzeyi ziyarət edib, oranın fəaliyyəti və sərgilənən eksponatlarla tanış olublar.
Ev-muzeyinin saxlanılan forması
Artıq mövcud olmayan ev-muzeyinin yaradılması haqqında Tbilisi şəhər bələdiyyəsinin 19 fevral 1996-cı il tarixli qərarı Azərbaycanın ümummili lideri Heydər Əliyevin təşəbbüsü, Gürcüstanın o vaxtkı İnsan hüquqlarının müdafiəsi və milli münasibətlər Komitəsi, eləcə də Gürcüstan azərbaycanlılarının “Birlik” Mədəni-Xeyriyyə Cəmiyyətinin təklifi əsasında qəbul olunub.
Həmin muzeyin ekspozisiyası Nərimanovlar ailəsinə məxsus olan şəxsi əşyalar, sənəd və fotolar əsasında qurularaq uzun illər Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Təəssüflər olsun ki, eksponatların əksəriyyətinin taleyi bu günədək naməlumdur.
Tbilisi şəhərinin 2008-ci ildə qəbul edilmiş Baş planına əsasən şəhər meriyasının aparacağı yenidənqurma işləri ilə əlaqədar N.Nərimanovun ev-muzeyi demontaj edilir. Azərbaycan hökuməti muzey binasının ilkin forması və milli üslubunun saxlanılması şərtilə yeni ərazidə tikilməsinə razılıq verir. Bu əsasla da Tbilisidə Qrişaşvili küçəsi 41 ünvanında xatirə muzeyinin yeni binası tikilib.
İki mərtəbə, 6 zal
İki mərtəbəli 248 kvadratmetrlik muzey binasının ekspozisiyası altı zal və açıq səma altında yerləşdirilib. Ekspozisiyanın I və II zalları N.Nərimanovun həyatı və ədəbi yaradıcılığına həsr olunub. III zal xatirə-qonaq otağıdır. IV otaqda onun ictimai-siyasi və dövlətçilik fəaliyyəti, V zalda isə tibbi fəaliyyəti əks etdirilib. Sonuncu VI zal isə xatirə-yataq otağıdır.
Ekspozisiyada N.Nərimanovun ata-baba mülkünün maketi, həyatı, ictimai-siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotolar, sənədlər, məktublar, həkimlik fəaliyyəti ilə bağlı tibbi alətlər, şəxsi əşyalar, incəsənət əsərləri və digər materiallar nümayiş etdirilir.
Muzeyin ziyarətçiləri müasir interaktiv ekran vasitəsi ilə görkəmli ictimai-siyasi xadim haqqında məlumatlar əldə edə bilirlər. Binanın həyətində N.Nərimanovun ağ mərmərdən büstü var. Abidənin müəllifi heykəltəraş Novruz Musayevdir.
Xatirə muzeyi Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin tabeliyində fəaliyyət göstərir. Muzeyin elmi işçisi Cəmilə Hacıyeva azərbaycanlı ədibin həyat və yaradıcılığının Gürcüstan dövrünə nəzər salıb. O xatırladıb ki, N.Nərimanov 1885-1890-cı illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb və buradakı illəri onun ideya-məfkurəvi inkişafına böyük təkan verib. Təhsil dövründə N.Nərimanov müstəqil olaraq öz xalqının tarixi, ədəbiyyat və mədəniyyətini öyrənib, Avropanın inkişaf etmiş ölkələrinin fəlsəfəsi və mədəniyyəti ilə tanış olub.
Gürcüstanda başlayan pedoqoji fəaliyyət, Nərimanov küçəsi və klubu
N.Nərimanov pedoqoji fəaliyyətinə 1890-cı il sentyabrın 1-də məhz Gürcüstanda - Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndində başlayıb. O zamanlar kənddə feodal həyatın adət və ənənələri hökm sürürdü. Nərimanov kənd uşaqlarını məktəbə cəlb etmək üçün elmin təbliğatını aparırdı. Yerli bəylər və zənginlər gənc müəllimi təqib edirdilər və məktəbin bağlanmasına nail olmağa çalışırdılar. Nəticədə gənc müəllim Qızılhacılı kəndini tərk etməli olur. O, 1891-ci ildə Bakıya köçür və özəl natamam gimnaziyada müəllimliyə başlayır.
Qızılhacılı kənd məktəbi vaxtilə N.Nərimanovun adını daşıyıb, hazırda təhsil müəssisəsinin həyətində onun büstü var. O, daha sonralar etiraf edirdi ki, xalqa xidmət ideyası onda məhz Qızılhacılı kəndində möhkəmlənib. N.Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsi olan və Qızılhacılı kəndində tamamladığı “Nadanlıq” komediyası məhz bu kəndin həyatından bəhs edir.
Tbilisinin Ortaçala rayonunda vaxtilə Nəriman Nərimanov küçəsi olub. Bu ad küçəyə 1970-ci illərdə verilib. 1990-cı ildə küçənin adı dəyişdirilərək Bevreti adlandırılıb. Bu küçə 2005-ci ildə Bejan Kalandadzenin adını daşıyır. Gürcüstan paytaxtında vaxtilə Nəriman Nərimanov adına klub da fəaliyyət göstərib. Burada Tbilisidəki Azərbaycan teatrı tamaşalarını nümayiş etdirib. Ədibin teatrın kollektivi ilə yaxından tanışlığı olub. Onun “Nadanlıq” əsəri əsasında hazırlanmış tamaşa uzun illər teatrın repertuarından düşməyib.
N.Nərimanovun Marneulinin mərkəzindəki parkda 1983-cü ildə ucaldılan abidəsi 2020-ci ilin mayında əsaslı şəkildə bərpa olunub. Parkın yaxınlığındakı Mədəniyyət Evi də onun adını daşıyıb. Sovet dövründə bu evin qarşısında hər il görkəmli şəxsiyyətə həsr olunmuş “Nərimanoba” bayramı təntənə ilə qeyd olunardı.
C.Hacıyevanın sözlərinə görə, N.Nərimanovun Tbilisidə xüsusi müalicəxanası da olub. O, hər cümə günü pasiyentləri qəbul edərək ödənişsiz müalicə edərdi, imkansızlara dərman verərdi.
Tiflisdə 7 aylıq həbs
N.Nərimanov 1908-ci ildə Odessada həkim diplomu alandan sonra Bakıya dönür və klinika açmaq istəyir. Lakin İranda milli-azadlıq hərəkatına rəhbərlik və kömək üçün təcili olaraq Tiflisə göndərilir. O, 1909-cu ilin martın 1-də Tiflisdə həbs olunur və Metex qalasında dustaq edilir. Mənzilində axtarış zamanı onun Səttərxan hərəkatına fəal kömək etdiyini təsdiqləyən əlyazmalar və sənədlər aşkarlanır. N.Nərimanov Metex həbsxanasında 7 ay saxlanılır. 1909-cu ilin sentyabrın 30-da 24 saat ərzində Tiflisdən iki il müddətinə Həştərxana sürgün edilir.
“Balalarınızı oxudun” - Nərimanovun Tiflisdə son sözləri
1925-ci ilin martın 7-də Tbilisidə Nərimanov adına klubda onunla izdihamlı görüş keçirilib. O, çıxışının sonunda bu sözləri deyib: “Mən gedirəm, yoldaşlar, necə deyərlər, dünyanın işini bilmək olmaz, bəlkə bir də görüşmədik. Sizə axırıncı sözüm bu olsun: balalarınızı oxudun, elm, savad yolunda heç nəyi əsirgəməyin!”.
Bu görüşdən 12 gün sonra - martın 19-da N.Nərimanov Moskvada 55 yaşında vəfat edir.
Ziyarətçiləri təəccübləndirən, Nərimanovu tanıdan muzey
C.Hacıyeva bildirib ki, xatirə muzeyinin qonaqları arasında yerli azərbaycanlılar, Azərbaycan, Rusiya və digər ölkələrdən gələn ziyarətçilərlə yanaşı, gürcülər və əcnəbilərə də rast gəlinir. Azərbaycanlı ziyarətçilərin əksəriyyəti Tbilisidə N.Nərimanovun xatirə muzeyinin olmasından təəccüblərini gizlətmirlər.
Gürcüstanda N.Nərimanovun yaradıcılıq və maarifçi ideyalarını fəal təbliğ edən Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva N. Nərimanovun dünyaya göz açdığı Tbilisi şəhərində xatirə muzeyinin fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib: “Nərimanov əsərləri ilə Azərbaycan və gürcü xalqları arasında “mənəvi körpü” rolunu oynayır. Təkcə Nərimanov deyil, onun ulu babaları da iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayıblar. Arxiv sənədlər sübut edir ki, Nərimanovlar ailəsi Gürcüstanın zadəganlər sinfinə məxsus olub”.
N.Nərimanovun iki xalq arasında “dostluq simvolu” olduğunu vurğulayan soydaşımız deyib ki, muzey hər il yüzlərlə gürcü, eləcə də xarici turistləri cəlb edir: “Tbilisidə muzeyin fəaliyyət göstərməsi Nəriman Nərimanovun Gürcüstanda tanınması və yaşadılması üçün çox vacibdir. Muzey həm də Nərimanov irsi ilə bağlı araşdırmalar etmək, elmi-tədqiqat məqalələri yazmaq üçün zəmin yarada bilər”.