Türkdilli ölkələrin rəqəmsal kitabxanasının yaradılması istiqamətində işlər bərpa olunub və ən azı beş il davam edə bilər.
Bunu "Report"un Astanadakı müxbirinə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Astanada Qazaxıstan Milli Akademik Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin təqdimatı zamanı deyib.
“Düşünürəm ki, bir neçə il əvvəl Ankarada yaradılmış Türkdilli Ölkələrin Milli Kitabxanaları Birliyi növbəti beş il ərzində türkdilli ölkələrin rəqəmsal kitabxanasının yaradılması layihəsini başa çatdıra biləcək. Bunun sayəsində türkdilli yazıçıların bədii əsərləri oxucular üçün əlçatan olacaq”, - K.Tahirov bildirib.
O xatırladıb ki, COVID-19 pandemiyası səbəbindən layihə üç ilə yaxın müddət ərzində dayandırılmışdı.
Azərbaycan Milli Kitabxanasının rəhbərliyi Astanada Azərbaycan ədəbiyyatı guşəsinin açılışına ölkənin tarixi və xalqın mədəni irsindən bəhs edən 200-dən çox kitab gətirib.
Bu tədbir bu gün iki ölkənin milli kitabxanaları arasında kitab fondunun qarşılıqlı mübadiləsinə dair imzalanmış Memorandumun ilk bəndlərindən biridir. Memorandum bu həftə Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində imzalanıb.
“Ortaq mədəniyyətə malik qardaş xalqlar arasında heç vaxt sərhəd olmayıb və olmayacaq. Bizim fondumuz daha da yaxınlaşmaq və qarşılıqlı bilik əldə etmək üçün mübadilə edə biləcəyimiz kitablardır”, - Qazaxıstan Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva memorandumun imzalanması mərasimindən sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, kitabxanada artıq 20 milli guşə açılıb və fəaliyyət göstərir. Burada nəinki lazımi ədəbiyyatı tapmaq, həm də dərnəklərdə bu və ya digər ölkənin dilini öyrənmək olar. Bundan əlavə, sənədə əsasən, təcrübə mübadiləsi aparılacaq və mütəxəssislər cəlb olunacaq.
Tədbirdə “Tan Şolpan” jurnalının redaktoru Nurlıbek Saparulı da çıxış edərək nəşrin bugünkü sayının tamamilə Azərbaycana həsr olunduğunu söyləyib.
“İl ərzində biz 15 Azərbaycan şairinin şeirlərini tərcümə etmişik, onlardan 8-i Şuşa şəhərinin azad edilməsində iştirak edib”, - redaktor bildirib.
Görüşün sonunda Azərbaycanın xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub.
Bu gün günün ikinci yarısında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycan incəsənətinin inciləri” adlı sərginin açılışı və Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq.
Həftəyə Azərbaycanın ən yaxşı incəsənət ustalarının qala-konserti ilə yekun vurulacaq.