Bakı. 23 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi nazir Əbülfəs Qarayevin nazirliyin bir neçə rayon şöbəsinin müdirlərini vəzifədən kənarlaşdırması, bəzilərinə isə töhmət verməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında deyib ki, əslində, mətbuatda yayılan xəbərlər yeni deyil: "Bu qərarlar Mədəniyyət və Turizm Nazirliyinin iyul ayında keçirilən kollegiyasında qəbul olunub. Mədəniyyət və Turizm Nazirliyi Yevlax və Cəlilabad rayonlarında nazirliyin siyasətinə uyğun olaraq ümumi yoxlamalar aparıb və yoxlamalar nəticəsində bir sıra nöqsanlar aşkarlanıb. Yoxlamalar zamanı üzə çıxan məsələlər kollegiya iclasında müzakirə edilib. Paralel olaraq, müvafiq dövlət qurumları tərəfindən maliyyə yoxlamaları aparılıb və bunun nəticəsi barədə də nazirliyə məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyi maliyyə nöqsanları aşkar etdiyinə görə, həmin adamlar iyul ayında işdən azad edilib".