Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cavid Əliyev nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Əliyev Cavid Fikrət oğlu 1988-ci ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində “Avropa hüququ” ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib.
Əmək fəaliyyətinə 2012-ci ildə “Azərsu” ASC-nin Hüquq Departamentində hüquq məsləhətçisi kimi başlayıb. “Nobel Oil Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquqşünas (2016-2017) vəzifəsində fəaliyyətini davam etdirib. “Azərsu” ASC-də Beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində (2017-2019) işləyib.
Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.
C.Əliyev Korrupsiyaya qarşı mübarizənin idarəolunması üzrə beynəlxalq təlimin, layihələrin idarə edilməsi və digər sahələrlə bağlı beynəlxalq tədbirlərin iştirakçısı olub.
İngilis, rus, türk dillərini bilir.