“Bayağı mahnılar milli-mənəvi dəyərlərimizə xələl gətirir”.
“Report” xəbər verir ki, bu barədə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində bildirilib.
Tədbir mahnıların monitorinqinin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilib.
Tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, dilçi alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ziyalılar, televiziya kanallarının nümayəndələri və aparıcılar, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva Azərbaycan xalqına məxsus mədəni irsin mühüm hissəsini təşkil edən musiqimizi bədii-estetik zövqün ifadəsi, milli ruh və ideologiyanın təcəssümü adlandırıb.
Dil və mədəniyyətin vəhdətindən bəhs edən natiq bildirib ki, milli dəyərlərin formalaşması, təbliği, nəsildən-nəslə ötürülməsi və mədəni ənənələrin yaranmasında dilin rolu əvəzsizdir.
Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulması bu sahədə də monitorinqin aparılmasını zəruri edib.
Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür.
“Milli musiqimizin dünəni və bu günü” adlı məruzə ilə çıxış edən aparıcı mütəxəssis Günel Hacıyeva xalqımızın milli-mənəvi sərvəti sayılan musiqimizin çoxəsrlik inkişaf yoluna nəzər salıb.
Statistik nəticələri qonaqların diqqətinə çatdıran çıxışçı 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1253 norma pozuntusunun müəyyənləşdirildiyini qeyd edib.
Tədbirdə “Mahnıların məzmun, musiqi və təqdimata görə müxtəlif qruplar üzrə təsnifi” adlı yekun məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova Azərbaycan musiqisi, xüsusən də mahnı janrının aktual problemlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Mahnılarımızda hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunmasının artıq adi hala çevrildiyini bildirən G.Əmirova xarici boğaz və yad çalarlardan istifadəni, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzünü milli musiqimizin inkişafına böyük maneələr kimi səciyyələndirib.
Məruzələr ətrafında fikir mübadiləsi aparan Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri Möhsün Nağısoylu, Nizami Cəfərov və digər qonaqlar mahnı ifaçılarının nitqinin monitorinqə cəlb edilməsinin mədəniyyətimizin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.
Müzakirələrdə mahnı janrında söz və musiqinin vəhdəti, ifa zamanı orfoepiya normalarına riayət olunması və s. məsələlərə toxunulub, yalnız söz yığınından ibarət mətnlərə bəstələnmiş bayağı mahnıların milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi təəssüflə qeyd edilib.
Həmçinin bildirilib ki, söz və musiqi müəllifləri, ifaçılarla yanaşı, televiziya və radioyayım şirkətlərinin üzərinə də böyük məsuliyyət düşür. Aktual problemlərin müzakirəsi ilə davam edən tədbirdə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi də qeyd olunub.