Litvada Azərbaycan mədəniyyəti axşamı keçirilib

Litvada Azərbaycan mədəniyyəti axşamı keçirilib Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanması gözlənilir
Mədəniyyət siyasəti
14 Aprel , 2017 10:16
Litvada Azərbaycan mədəniyyəti axşamı keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Litva paytaxtı Vilnusda Azərbaycan mədəniyyəti axşamı keçirilib. 

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və qrupun üzvləri, Seym sədrinin xarici siyasət üzrə müşaviri Kəstutis Kudzmanas, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, Litva XİN-in əməkdaşları və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə Azərbaycanda mədəniyyət sahəsində görülən işlər barədə qısa məlumat verib. Azərbaycan-Litva əlaqələrinin inkişaf etdiyini qeyd edən səfir yaxın zamanlarda Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanmasının gözlənildiyini bildirib.

Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik Azərbaycan xalqını keçmiş bayram münasibətilə təbrik edib və rəhbərlik etdiyi qrupun Azərbaycanla parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Daha sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin ölkənin tanıdılması üçün hazırladığı çarx nümayiş etdirilib və ziyafət verilib.

Qeyd edək ki, mədəniyyət axşamı Azərbaycanın Litvadakı səfirliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Litva Azərbaycanlı Gəncləri Təşkilatının (AYOL) təşkilatçılığı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi